Bakıda keçiriləcək “Formula-1” yarışına biletlərin qiyməti açıqlandı
Gələn ilin aprel ayında Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisinə bilet satışına start verilib.
APA TV-nin xəbərinə görə, noyabrın 6-dan dekabrın 31-dək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20 faiz endirimli qiymətlərlə əldə edə biləcəklər.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bildirib ki, 2018-ci il üçün qiymətlər dəyişməyəcək: "İlin sonuna qədər 20 faiz endirim təşkil etmişik. Həmçinin yerli sakinlər üçün əlavə 25 faiz endirim var. Qiymətlər eynidir".
İlkin endirim kampaniyası yalnız tribunaya olan və 26-29 aprel tarixlərini əhatə edən 4 günlük biletlər üçün keçərlidir. Yerli sakinlər üçün tribunalara 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 AZN təşkil edir. Bu kampaniya ərəfəsində ayaqüstü zonalara bir günlük bilet almaq da mümkün olacaq. Bu zonalara biletlərin qiyməti cümə günü üçün 60 AZN, şənbə günü üçün 100 AZN, bazar günü üçün 150 AZN-dir.
Bülənt Özərdim Azərbaycan Qran-prisinə marağın böyük olduğunu vurğulayıb: "İkinci il üzərimizdə böyük stress vardı, əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Çox maraqlı yarış alındı. Ümumilikdə 25 min bilet satıldı. Bura gələn əcnəbilərin Bakıda gördüklərini gedib ölkələrində danışması bizim üçün böyük reklamdır. İyunda 65 ölkədən azarkeş gəldi. Onlar ümumi sayın 35 faizini təşkil edirdi. Bu rəqəmi daha da yüksəltmək istəyirik".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 27-29 aprel 2018-ci ildə keçiriləcək.