Astara kivisi müştərisiz qalıb

Astarada kivi bağlarında məhsul yığımına başlanılıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, bağlarda bol məhsul olsa da, fermerlər alıcı qıtlığından gileylənirlər.

 

Bir çox xüsusiyyətlərinə görə kivi sərfəli bitki hesab olunur. Qiymətinin digər sitrus növlərinə nisbətən əlverişli olması, meyvələrin gec çürüməsi, 6 aya qədər qalması və daşınma zamanı az zərər görməsi bu bitkinin iqtisadi baxımdan dəyərini daha da artırır.

 

Astaranın Kijəbə qəsəbəsində fermerlər bir neçə gündür yığıma başlayıblar. Ümumiyyətlə, son dövrlər cənubda sitrusçuluğun bu növünə maraq xeyli artıb. Kijəbə Bələdiyyəsinin sədri Ağadadaş Qənbərov hesab edir ki, səbəb isə onun şaxtaya davamlı olmasıdır: "Şaxtalar səbəbindən limon ağaclarının 70-80 faizi sıradan çıxır, onu saxlamaq mümkün deyil. İndi əksər təsərrüfatlarda kivi bağları salınıb. Astaranın Kijəbə qəsəbəsində də 15 ildir əkilir".

 

Fermer Şifayət Ələsgərova deyir ki, ötən il məhsul yetişməmiş alıcılar qapının ağzını kəsdirmişdilər. Bu il isə nə qapını döyən var, nə də məhsula maraq: "Keçən il biz bu məhsulu 1 manat 50 qəpiyə satırdıq, indi 70-80 qəpiyə satırıq. Bu qiymət biz zəhmətkeşləri qane etmir. İşçi qüvvəsi çox tələb edir, su sevən bitkidir. Buna baxmayaraq, bir emal müəssisəsi olsa, saxlama kameraları olsa, orada saxlayardıq, zəhmətimizə də dəyərdi".

 

Fermer deyir ki, 20 ildən artıqdır kivi becərib satmaqla məşğuldur. Onların sözlərinə görə, hər il xeyli məhsul ya sahədə tökülüb qalır, ya da ev şəraitində çürüyərək məhv olur.

 

Kijəbə Bələdiyyəsinin sədri bildirir ki, bu çətinlikləri aradan qaldırmaq üçün fermerlər dövlət tərəfindən dəstək gözləyirlər: "Bunu adətən ev şəraitində saxlayırlar, qaranlıq, sərin və kondisionerli otaq olmalıdır ki, temperatur dəyişməsin. Sabit temperatur bunu saxlamaq mümkündür, bunu 2-4 aya qədər saxlayırlar və gələcəkdə istəyirlər rayonda kamera da quraşdırsınlar. Kim istəsə, yığıb aparıb təhvil verə bilər".

 

Qeyd edək ki, rayonda 100  hektara yaxın kivi bağları var. Cənub bölgəsində sitrus meyvələrindən daha çox dərman vasitəsi kimi istifadə olunur.

 

Müəllif | Apa.Tv