Şirkətlər tələbələri niyə işə götürmür?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib.
APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd məzun və tələbələri əmək bazarına inteqrasiya etməkdir.
Nazir müavini əlavə edib ki, cari ildə dövlət məşğulluq xidməti orqanlarına 95 mindən müraciət edilib. Onların 42 min nəfəri münasib işlərlə təmin olunub: "Bugünkü tədbirdə 4 dövlət, 50 özəl müəssisə olmaqla 54 müəssisə iştirak edir. Bu müəssisələrdə 267 vakant yer var. Vakansiyalar əsasən qulluqçu peşələrini və xidmət sahəsini əhatə edir. Əgər biz təqdim olunan vakansiyaların əmək haqlarına nəzər salsaq, 175-550 manat arasında dəyişir".
Tədbirdə tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə məlumatlar verilib. Onlar işəgötürənlərlə ilkin əlaqələr quraraq, öz şəxsi məlumatlarını təqdim ediblər.
İşəgötürənlərin əksəriyyəti isə hazırda təhsil alan tələbələr üçün vakansiyaların olmadığını, daha çox tam iş gününə tələbatın olduğunu bildiriblər: "Tələbələrin əsas istəyi "part time" iş qrafikidir. Bizdə də "full time" olduğu üçün müraciətlərin əksəriyyətinə cavab verə bilməyəcəyik. Tələbələr üçün problem yaranır, onlar işləmək istəyir, ancaq bizdə yarımştat yoxdur".