Trampın Asiya turnesi başlayıb: İlk dayanacaq Yaponiya oldu
ABŞ prezidenti Donald Trampın Asiya turnesi çərçivəsində ilk dayanacağı Yaponiya olub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, noyabrın 5-də onun Yaponiya baş naziri Sindzo Abe ilə görüşü olub. Danışıqlardan sonra isə liderlər qolf oynayıb.
Ağ Ev rəhbəri Yaponiyanı ölkəsi ilə qarşılıqlı səmərə verən ticarət əlaqələrini daha da genişləndirməyə çağırıb. Onun bu səfəri eyni zamanda bəzi önəmli açıqlamalarla da yadda qalıb. O, dünyadakı diktator rejimlərinə ismarıc göndərərək, ölkəsi ilə zarafat etməyin yersiz olduğunu bildirib. "Heç kim, hər hansı diktator rejimi və ya xalq ABŞ-ın qətiyyətindən şübhə edə bilməz. Buna şübhə edənlər əvvəl də var idi, amma hər kəs bunun onlar üçün necə nəticələndiyini gördü. Onların sonu elə də yaxşı olmadı, deyil mi?" - deyə, ABŞ prezidenti sual edib.
Noyabrın 6-da isə prezident ABŞ hərbi bazasına da gedərək, şəxsi heyətlə görüşüb. Donald Tramp həmçinin Yaponiya imperatoru Akihito, habelə Şimali Koreyanın girov götürdüyü hərbçilərin ailələri ilə də bir araya gələcək.
Donald Tramp deyib ki, Çinin baş naziri ilə onu çox ciddi danışıqlar gözləyir: "Hesab edirəm ki, Si Tzsinpin başda olmaqla Çin hökuməti Şimali Koreyadan gələn nüvə təhlükəsinin neytrallaşdırılması üzərinə işləyir. Mən bunu hiss edirəm. İndi irəli baxmaq və addımları birgə koordinasiya etmək lazımdır".
Bu arada Vyetnamda keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Şurasının samiti çərçivəsində ABŞ prezidenti ilə Kreml rəhbəri Vladimir Putin arasında növbəti görüşün keçiriləcəyi, danışıqlarda Şimali Koreya, Suriya və Ukrayna məsələlərinin müzakirə olunacağı gözlənilir.