Dennis Sammut: "Həmsədrlərin tənqiddən çox dəstəyə ehtiyacı var"
"Dağlıq Qarabağ münaqişəsinin həllində əsas amil münaqişə tərəfləri arasında etimadın möhkəmləndirilməsidir".
APA TV-nin məlumatına görə, bunu LINKS qeyri-hökumət təşkilatının direktoru Dennis Sammut jurnalistlərə açıqlamasında bildirib: "Mən uzun illərdən bəri Azərbaycana səfər edirəm və yenidən burada olmaq mənim üçün çox xoşdur. Biz bu gün etimadın möhkəmləndirilməsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindəki rolunu müzakirə etmək üçün buradayıq. Yüzlərlə, minlərlə insan üçün bu siyasi yox, həm də şəxsi problemdir. Çünki bu, bilavasitə insanların həyatına öz təsirini göstərib. Biz də məhz bu problemin həllində etimad amilinin güclənməsini müzakirə edəcəyik".
D.Sammut problemin həllində Minsk qrupunun roluna da toxunub: "Minsk qrupu həm beynəlxalq ictimaiyyət, həm də münaqişə ölkələri tərəfindən problemin həllində vasitəçi olaraq qəbul edilib. Yəni tərəflər arasındakı danışıqlar bu formatda, hər üç ölkənin vasitəçiliyi ilə aparılır. Bu, göründüyü kimi sadə bir format deyil. Bəzi hallarda sizin və mənim kimi insanlar həll prosesində sürətli irəliləyiş gözləyir. Çox çətin bir problemlə məşğul olduqları üçün onların tənqiddən daha çox dəstəyə ehtiyacı var. Biz burada sürətli irəliləyişə nail olmağı istəyərkən problemin mürəkkəbliyini də unutmamalıyıq. Hesab edirəm ki, həll prosesi elə bu formatda davam etdirilməlidir".