Səudiyyədə taxt-tac davası neftin qiymətini rekord həddə çatdırdı

Səudiyyə Ərəbistanında şahzadə, nazir və milyarderlərin kütləvi həbsi nefti bahalaşdırmaqda davam edir.

 

APA TV-nin xəbərinə görə, Şahzadə Məhəmməd ibn Salmanın vəliəhd statusunun möhkəmlənməsi, onun "Saudi Aramco" şirkətinə nəzarət edən Kral Şurasına üzv olması neftin qiymətlərinə pozitiv təsir edir.

 

Birjalarda gün ərzində "Brent" markalı neft 1,2 faiz bahalaşaraq son iki ilin rekordunu yeniləyib. Səudiyyə Ərəbistanında taxt-tac uğrunda mübarizə, ABŞ-da hasilatın aşağı düşməsi, dünyada qlobal neft ehtiyatlarının azalması səbəbindən "Brent" neftinin qiyməti 64,36 dollara qalxıb. Qərbi Texas nefti "Brent"i təqib etsə də, iki marka arasında fərq 7 dolları keçir. Hazırda WTİ markalı neft 57,34 dollara satılır, qiymətlərin gün ərzində daha da yüksələcəyi gözlənilir.

 

"AzeriLight" markalı nefti qiyməti də bahalaşıb. Neftin 1 barelinin dəyəri 2,58 dollar artaraq 66,20 dollara çatıb.

 

Hazırda birja iştirakçıları Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə tədbirlərini ciddi şəkildə izləyirlər. Gün ərzində yeni həbslərlə bağlı məlumatlar olarsa, qiymətlər iki illik rekordu yeniləyə bilər. Bu gün həmçinin Amerika Neft İnstitutu ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair həftəlik hesabatı açıqlayacaq. Analitiklər ehtiyatların bu həftə də azalacağını gözləyirlər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı