Bir qəsəbədə yaşadılan sənət - ƏRKİVAN DULUSÇULARI
Masallıda uzun illərdir bir qəsəbədə yaşadılan dulusçuluq sənətinə maraq daha da artıb. Əllə hazırlanan qabların simmetrik formaya salınması ustalardan xüsusi bacarıq tələb edir.
APA TV-nin cənub bürosunun xəbərinə görə, dulusçuluq Ərkivan qəsəbəsində eramızdan əvvəlki minillikdə təşəkkül tapıb və bu günədək davam etdirilir. Gil qablarının hazırlanması və bişirilməsi ilə məşğul olan insanlar əsasən qəsəbənin Bağlakücə məhəlləsində məskunlaşıblar. Dulusçu Maşallah Dadaşovun sözlərinə görə, bu qəsəbədə demək olar ki, böyükdən kiçiyə hər kəs bu işi bacarır: "Qonşu bacada çox sənətkar olub. Gedərdik oturmağa, baxıb öyrənmək istəyirdik, həvəsimiz var idi bu sənətə. Getdikcə biz də başladıq bunu düzəltməyə. Düzəltdikcə alışdıq, bu sənəti öyrəndik".
Əl çarxı ayaq çarxı ilə əvəz olunduqdan sonra bu dəzgah ustaların işini xeyli asanlaşdırıb. Əvvəllər 20-dən çox çeşiddə - nehrə, küp, bardaq, kuzə, çıraq, kasa, çölmək və s. hazırlanırdısa, bu gün fərdi emalatxanalarda çalışan ustalar məişətdə işlətdiyimiz müxtəlif formalı qablarla yanaşı, müasir tələbata uyğun məmulat nümunələrinin hazırlanmasında da maraqlıdırlar. Amma bu işləri görmək üçün əsasən material düzgün seçilməlidir, saxsı qablar isə gildən hazırlanır: "Gərək bunun içində daş olmasın. Xırda daşları əl ilə təmizləyirik, onu möhkəm yoğururuq, sonra balaca kündələr edirik, başlayırıq düzəltməyə".
Bakı şəhəri və əksər rayonlardan yetərincə sifariş qəbul edən sənət sahiblərinin satış bazarı əsasən toy mərasimləri və Novruz bayramı ərəfəsində daha gur olur. Əvvəllər ən çox satılan piti qabları idisə, indi digər yeməkləri bişirmək üçün qablara da maraq artıb. Ümumiyyətlə, saxsı qablarda bütün növ yeməklər bişirmək mümkün olur, amma istifadə qaydalarını bilmək lazımdır: "Bunun dadı çox gözəl olur. Suyun tərkibində olan bütün daş maddələri çəkir özünə, saf olur, təmiz olur, yeməyin dadı yaxşı olur, bunda dadlı olur. Cürbəcür xəstəliklər də olmaz, bunda yemək yeyən adam o qədər də xəstələnməz".
Qeyd edək ki, hazırlanan qabların bir ədədinin qiyməti ölçüsündən asılı olaraq 40 qəpiklə 10 manat arasında dəyişir.