Tramp Konqresdən milyardlar tələb edir: TEHRANA QARŞI DAHA BİR SƏRT ADDIM
ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq olunan sanksiyaların müddətini artırıb.
APA TV-nin məlumatına görə, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb. Məlumatda bu qərar rəsmi Vaşinqtonla İran arasında münasibətlərin normallaşmaması ilə izah olunur.
Bundan əlavə prezident Şimali Koreya təhlükəsindən müdafiə və Əfqanıstan strategiyasının reallaşdırılması üçün 5 milyard dollardan çox vəsait ayrılması, o cümlədən 2018-ci ilin dövlət büdcəsində müdafiə xərclərinin artırılması tələbi ilə Konqresə müraciət edib.
Konqresə məktubunda prezident bu addımı Şimali Koreyanın ABŞ-a qarşı istifadə edə biləcəyi ballistik raketlərin məhvi məqsədilə əsaslandırıb. Həmçinin Konqresdən 1,2 milyard dollar istəyən D.Tramp bu pulun ABŞ-ın Cənubi Koreya strategiyasının dəstəklənməsi, habelə Əfqanıstandakı hərbi kontingent sayının 3500 nəfərə qədər artırılmasına yönəldiləcəyini vurğulayıb.
Donald Trampın istəkləri bununla da bitməyib. Prezident konqresmenlərdən ABŞ Hərbi Donanmasına aid iki gəminin təmiri üçün 700 milyon dollar istəyib.
Qeyd edək ki, Yaponiyada səfərdə olarkən Ağ Ev rəhbəri deyib ki, heç bir ölkə ABŞ-ın gücünə şübhə edə bilməz. O həmçinin Şimali Koreya probleminin güc yolu ilə həllini də istisna etməyib.
Qeyd edək ki, Ağ Ev rəhbəri özünün Əfqanıstan strategiyasını cari ilin avqustunda açıqlayıb.