Tramp: "Kral və vəliəhd nə etdiyini yaxşı bilir, tutulanlar ölkəni illərlə "sağıb"
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında start verilən kütləvi həbslərə münasibət bildirib. APA TV-nin məlumata görə, Ağ Ev rəhbəri bu barədə "Twitter" səhifəsində yazıb.
Dövlət başçısı krallıqda hər şeyin axarında getdiyini və yaxşı nəticələnəcəyindən əminliyini ifadə edib: "Mənim kral Salmana və vəliəhdə inamım böyükdür, onların atdığı addımlar səhv ola bilməz. Onlar nə etdiklərini hamıdan yaxşı bilir. Cəzalandırılanlar illərlə krallığı "sağıb".
Xatırladaq ki, kral Salman ibn Əbdül-Əziz Əl Səud noyabrın 4-də ölkədə korrupsiyaya qarşı mübarizə istiqamətində fərman imzalayıb. Dərhal hərəkətə keçən cavabdeh qurum ölkənin yüksək postlarında yer tutan bir qrup şəxsi həbs edib. Onların arasında kral ailəsinin 11 üzvü, 4 fəaliyyətdə olan və 10-dan çox keçmiş nazir var. Ümumiyyətlə, saxlanılanların sayı 40 nəfərdən çoxdur.
Qeyd edək ki, Donald Trampın baş müşaviri Cared Kuşner oktyabrın sonunda sürpriz şəkildə Səudiyyə Ərəbistanına səfər edib.