İran: Həmişə Qərb liderlərinin səfərlərindən sonra Səudiyyə bizə müharibə elan edir

"Səudiyyə Ərəbistanı öz aqressiv hərəkətlərində İranı əsassız şəkildə ittiham edir". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Twitter" hesabında yazıb.

 

O bildirib ki, Ər-Riyad aqressiv müharibə siyasəti aparmaqla regionda vəziyyəti daha da gərginləşdirməyə yönələn addımlar atır, amma yekun nəticədə İranı provokativ addımlarda ittiham edir.

 

Nazir ABŞ prezidenti Donald Trampın Səudiyyə səfərinə də toxunaraq, bunu region üçün təhlükə kimi dəyərləndirib.

 

Xatırladaq ki, oktyabrda ABŞ prezidentinin ünvanına Yaxın Şərqdə vəziyyətin gərginləşdirilməsi ittihamı ilə Bəhreyn də çıxış edib. Rəsmi Manama Tehranı da Yaxın Şərqdəki ekstremist qruplara dəstəkdə suçlayıb.
 

D.Trampın kürəkəni və baş məsləhətçisi Cared Kuşnerin səfərindən sonra Livanın baş naziri Səid Həriri Ər-Riyadda istefa bəyanatı verib və ölkəsində baş verənlərə görə İran və "Hizbullah" hərəkatını ittiham edib. Bundan sonra həm sözügedən təşkilat, həm də rəsmi Tehran bu ittihamları əsassız adlandırıb. Bundan əlavə, Səudiyyə Ərəbistanındakı səs-küylü həbsləri rəsmi Tehran repressiya kimi dəyərləndirib. Hətta rəsmi Ər-Riyadın Livanın hökumət rəhbərini istefaya məcbur etdiyi də iddia edilib. "Hizbullah" lideri Həsən Nəsrullah da S. Həririnin istefa səbəbini Səudiyyə Ərəbistanında axtarmağın gərəkdiyini deyib. 

Müəllif | Apa.Tv
Apa.tv