İslam ölkələri Bakıda kibercinayətkarlıqla mübarizəni müzakirə edir
Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin “Uncovering Future Threats” adlı 9-cu beynəlxalq illik konfransı başlayıb.
APA TV-nin məlumatına görə, konfransda İslam Əməkdaşlıq Təşkilatına üzv olan 21, üzv olmayan 11 ölkədən 97 nəfər, Azərbaycandan isə 140 nəfər iştirak üçün qeydiyyatdan keçib.
Tədbirin təşkilatçısı Xüsusi Dövlət Mühafizə Xidməti, yerli sponsorları “Delta Telecom LTD” və “Azinfosec”, xarici sponsorları isə “May Cyer Technology”, THALES və “Videntifier” şirkətləridir.
Tədbirə akademik dəstək ADA Universiteti tərəfindən həyata keçirilir. Beynəlxalq illik konfrans mütəmadi olaraq hər il İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin birində təşkil olunur. Dörd gün keçirilməsi nəzərdə tutulan tədbirdə yeni nəsil kibertəhdidlər, gizli kiberindikatorların işlənilməsi, kibercinayətkarlıqda yeni trendlər, informasiya itkisinə səbəb olan boşluqlar və s. mövzuların müzakirəsi aparılacaq.
Tədbirdə açılış nitqi ilə çıxış edən Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi, general-leytenant Mürsəl Vəliyev deyib ki, heç bir sərhəd tanımayan kibertəhdidlərə qarşı mübarizədə ölkələrin fərdi fəaliyyəti effektivlik baxımından yetərsiz olur: "Bu baxımdan dünya CERT mərkəzlərinin beynəlxalq səviyyədə əməkdaşlığını, o cümlədən İslam ölkələrinin müvafiq mərkəzlərinin birgə fəaliyyətini çox yüksək qiymətləndiririk. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifəni uğurlu yerinə yetirir".
İslam Əməkdaşlıq Təşkilatı İnformasiya texnologiyaları bölməsinin direktoru Vajdi Alquliti qeyd edib ki, hazırda terrorizm istənilən cəmiyyət üçün dəhşətli düşməndir: "Terrorizm sərhədlər tanımır, dinlər və millətlər arasında fərq qoymur, dağıdıcı mahiyyətə malikdir. Biz xüsusilə kiberməkan üzərindən törədilən cinayətlərdən narahatıq və bu cinayətlərin qarşısını almalıyıq. Bunun üçün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılıb ki, bu cür təhdidlərə qarşı mübarizə aparılsın. Bu təhdidlərə qarşı mübarizə aparmaq bizim əsas vəzifəmizdir".
“Delta Telecom LTD”nin texniki direktoru Atəş Rzayev şirkətin Azərbaycanda kibertəhdidlərə qarşı mübarizəsindən danışıb.
Tədbir çıxışlarla davam edib.