ABŞ səfiri Qubada olub
Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Quba rayonuna səfər edib. APA TV-nin nın şimal bürosunun məlumatına görə, səfir öncə Gümbəzli hamamının bərpa prosesinin gedişatı ilə tanış olub.
Səfir deyib ki, Gümbəzli hamamı unikal tarixi abidədir və hazırda Səfirlərin Mədəni İrsin Qorunması Fondu vasitəsilə ABŞ səfirliyi və yerli tərəfdaşlar tərəfindən bərpa edilir.
Gümbəzli hamamının unikallığı onun qismən yeraltı arxitekturasında və bişmiş qırmızı kərpicdən istifadənin ilkin nümunələrindən olmasındadır. 2014-cü ildə başladılan layihə və bərpa işlərinin ikinci mərhələsindədir. 2018-ci ilin martında tamamlanması gözlənilir.
R.Sekuta bu layihəni Mədəniyyət və Turizm Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirdiklərini deyib. Onun sözlərinə görə, Azərbaycan ənənələr, incəsənət və memarlıq baxımdan çox zəngin tarixə malikdir: “Eyni zamanda Quba dedikdə, müsəlmanlarla yəhudilərin çox uzun müddət mehribanlıqla yaşadıqları bir yer yada düşür”.
Qubaya səfəri çərçivəsində səfir Alpan, Uzunmeşə, Kürkün və Susay kəndlərinin sakinləri xalça toxuculuq müəssisəsi layihəsinin sona çatmasını mərasiminə də qatılıb. USAID və Azərbaycan hökumətinin maliyyələşdirdiyi bu layihəyə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) rəhbərlik edib. Layihə qədim xalça toxuculuğu sənətini qoruyacaq və canlandıracaq. Layihə çərçivəsində beş kənddə 30-a yaxın qadın peşə təlimi ilə təmin olunacaq və biznes imkanları əldə edəcəklər.
Səfir həmçinin yerli yəhudi icması ilə görüşüb, Deşiva məktəbini gəzib və sinaqoqa da baş çəkib.