ANAMA: Xızıda 6 min hektar ərazidə təmizləmə başa çatıb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ərazidə aparılan təmizləmə işləri ilin sonuna kimi tam yekunlaşacaq.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, bu barədə Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyat üzrə mütəxəssisi İdris İsmayılov bildirib.

 

Onun sözlərinə görə, hadisədən dərhal sonra 10 min hektar ərazidə partlamamış hərbi sursatla çirklənmənin olduğu aşkarlanıb. 61 iş günü ərzində 6 min hektar ərazidə təmizləmə əməliyyatları başa çatdırılıb: "İlkin olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, Bakı-Novorossiysk neft kəməri, Bakı-Rostov dəmir yolu və ərazidən keçən su kanalı və başqa əhəmiyyətli ərazilər təmizlənərək təhvil verilib. Daha sonra yaşayış məntəqələri, eləcə də əkin və otlaq sahələrində işlər yekunlaşdırılıb. İlin sonunadək qalan 4 min hektar sahədə də təmizləmə işləri başa çatdırılacaq".

 

İ.İsmayılov 6 min hektar ərazidə aparılan təmizləmə işləri nəticəsində 14 265 ədəd müxtəlif növ partlamamış hərbi sursat və 60 tona yaxın yandırma məhsulu aşkarlanaraq götürüldüyünü bildirib. Həmçinin Xızının Giləzi qəsəbəsi, Stalçay, Şurabad və Məşədihəsən kəndlərində yerli sakinlər arasında mina təhlükəsizliyinə dair maarifləndirmə işi aparılıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı