Bakıda yük maşınlarından akkumulyator oğurlayanlar tutuldu
Bakıda yük avtomobillərindən akkumulyator oğurlayan şəxslər yaxalanıb.
APA TV-nin xəbərinə görə, Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin əməkdaşları yük avtomaşınlarının ehtiyat hissələrini oğurlamaqda təqsirli Qaradağ rayon sakinləri - Telman Hüseynov və Nurlan Yaqubovu saxlayaraq məsuliyyətə cəlb edib.
İlkin ifadələri zamanı saxlanılan şəxslər Qaradağ rayonu və ətraf ərazilərdən 4 yük avtomobilinin akkumulyatorunu oğurladıqlarını etiraf ediblər. Araşdırma zamanı onların başqa cinayətlərinin də üstü aşılıb. Müstəntiq Tofiq Namazovun sözlərinə görə, saxlanılan şəxslər oğurladıqları akkumulyatorları metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə verib əldə etdikləri pulu aralarında bölüblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.