Gələn ilin dövlət büdcəsində təhsil xərcləri 11 faizdən çox artırılıb

Milli Məclisdə Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsinə başlanıb.

 

APA TV-nin məlumatına görə, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə edilib.

 

Maliyyə naziri Samir Şərifov 2018-ci ilin dövlət və icmal büdcələrinin layihələri barədə məlumat verib. O qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri isə 20 milyard 905,7 milyon manat proqnozlaşdırılır. 2018-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2018-2021-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb. Növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat kəsirlə icra olunacağı proqnozlaşdırılır.

 

2018-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrılıb, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,5 faiz təşkil edəcək. Gələn ilin dövlət büdcəsində təhsil xərcləri 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,2%, 2016-cı ilin icrası ilə müqayisədə 247,1 milyon vəsait və ya 14,1 faiz çoxdur. 2018-ci ilin dövlət büdcəsindən elm sahəsinə ayrılan vəsaitin həcmi də açıqlanıb. Belə ki, növbəti il elm xərclərinə 128,1 milyon manat vəsait nəzərdə tutulub.

 

Növbəti il ARDNF-dən büdcəyə 9,216 mlrd. manatın transferti nəzərdə tutulub. 2017-ci ildə bu rəqəm 7,5 mlrd. manat və ya 1,716 mlrd. manat az olub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 36,3%-i və ya 1 mlrd. 300 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 63,7%-i və ya 2 mlrd. 278,8 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək.

 

2018-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 26 milyard 674 milyon 102,7 min manat nəzərdə tutulur.

 

Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib ki, son illər maliyyə bazarlarına neftin qiymətinin kəskin azalması müşahidə edilir və nəticə etibarilə Azərbaycanın neft və qaz gəlirlərinin azalması artıq faktdır. 2018-ci ildə 1 barel neftin qiymətinin orta hesabla 45 dollardan götürüldüyünü deyən Fond rəhbəri qeyd edib ki, bu hesablamalarla gələn il ARDNF-nin gəlirləri 10,7 mlrd. manat olacaq: "Bunun əsas gəlir mənbəyi dövlətin payına düşən mənfəət karbohidrogenlərinin satışından proqnozlaşdırılır. ARDNF-nin gələn il xərclərinin yuxarı həddinin 12 mlrd. manat olacağı proqnozlaşdırılır".

 

Müzakirələr iki gün davam edəcək. Noyabrın 21-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı