Siyavuş Novruzov: "Deputatların əməkhaqqı polis rəisi və prokurorun maaşından azdır"

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkdaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif edib.

 

APA TV-nin məlumatına görə, S.Novruzov bu gün Milli Məclis komitələrinin birgə iclasında gələn ilin büdcə müzakirələri zamanı bildirib ki, deputatların əmək haqqı hansısa rayonun polis rəisi və prokurorunun maaşından azdır.

 

S.Novruzov qeyd edib ki, Milli Məclisin büdcəsi bir rayonun büdcəsi qədər də deyil: “Beynəlxalq aləmdə bəzi dairələrə qarşı sinəsini qabağa verib vuruşan, ölkədə qaçanın da, qovanın da üstünə getdiyi ünvan Milli Məclisdir. Bundan başqa, bizim dostluq qrupları var ki, onlar əməkdaşlıq etdikləri ölkələrə heç olmasa, ildə iki-üç dəfə səfər etməlidirlər. Bütün bunlar nəzərə alınmalıdır”.

 

Deputat Vahid Əhmədov təklif edib ki, Azərbaycan Hesablama Palatası dövlət büdcəsindən Əmanətlərin Sığortalanması Fonduna ayrılan vəsaitin necə xərclənməsini yoxlasın: "Bank sistemində sağlamlaşmanı görmürük. Kredit yenə də 30%-ə yaxın dərəcə ilə verilir, likvidlik və s. problemlər həllini tapmayıb. "Bank Standard"ın bağlanması ilə 43 min insan problemlə üzləşib, insanlar vəsaitlərini geri ala bilmirlər. İnsanların vəsaitlərini alması üçün Əmanətlərin Sığortalanması Fonduna büdcədən 500 mln. manat ayrıldı. Hesablama Palatasından xahiş edirəm ki, bu pulun necə xərclənməsini yoxlasınlar. Niyə insanların əmanətləri qaytarılmır? Gündə yüzlərlə şikayətlər alırıq".

 

Deputat Əli Məsimli bildirib ki, Azərbaycanda büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var. Buna görə də 2018-ci ilin büdcəsində həmin məsələ nəzərə alınmalıdır.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc büdcədən Dağlıq Qarabağa vəsait ayrılmasını təklif edib: “Dağlıq Qarabağla bağlı fikirlərimi həmişə gündəmə gətirmişəm. Bir sətirlə büdcə sistemində Dağlıq Qarabağa ayırmaları qeyd etməliyik - Dağlıq Qarabağ erməni işğalı altındadır, ona görə də bu proses baş tutmayacaq. Biz ABŞ və digər ölkələrə etiraz edirik ki, 23-24 il ərzində təxminən 250 milyon dollara yaxın vəsait ayrılıb. Biz ona etiraz edəndə, dünya ölkələrinə rahatlıqla təqdim edə bilərik ki, Azərbaycan büdcədən Naxçıvan Muxtar Respublikasına olduğu kimi, Dağlıq Qarabağa da vəsait ayırıb. Amma işğal reallığına görə işləmir”.

 

Nazir 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkillərinin təklif və iradlarına münasibət bildirərkən deyib ki, Milli Məclis özü məqbul hesab etdiyi vaxt büdcəsinin artırılması ilə bağlı məsələ qaldıra bilər.

 

Nazir qeyd edib ki, Milli Məclis əməkdaşlarının və deputatların maaşı ilə bağlı məsələyə büdcədə baxılır, müzakirə olunur: “Milli Məclis istədiyi vaxt bu məsələni qaldıra, biz də buna müsbət baxa bilərik”.

 

Nazir əlavə edib ki, bəzi dövlət qurumlarının maliyyə vəziyyəti ilə bağlı məsələyə baxılıb. Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində "Azərişıq" ASC-yə 55 mln. manat, "Azərsu" ASC-yə isə 22 mln. manat büdcə ssudasının verilməsi öz əksini tapıb. "Bu vəsaitlər tarif strukturları ilə bağlıdır. Biz bu tarifləri artıra bilmərik. Çünki bu, əhalinin maddi vəziyyətinə təsir edir. Buna görə də bu məsələlərdə kompromis tapmalıyıq", - deyə nazir vurğulayıb.

 

Maliyyə naziri 2018-ci ildə qeyri-neft sektorunda 2,9%, növbəti illərdə isə orta hesabla 3%-dən yuxarı artım proqnozlaşdırıldığını dilə gətirib. Bundan əlavə, gələn il alkoqollu içkilərə aksiz dərəcələri iki dəfə artırılacaq və nəticədə büdcə gəlirlərinin artırılmasına nail olunacaq. Bu məqsədlə Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur.

 

Müzakirələr sabah da davam edəcək. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı