"Qara qızıl" iki illik rekorddan sonra 1 dollar ucuzlaşdı
Dünya neft bazarında iki illik rekorddan sonra qiymətlər bir dollara qədər ucuzlaşıb.
APA TV-nin məlumatına görə, ABŞ-da xam neft ehtiyatları azalıb. Amerika Neft İnstitutu ehtiyatların 1,56 milyon barel azaldığını açıqlayıb. Benzin ehtiyatları isə 520 min barel artıb. Bu gün açıqlanacaq rəsmi rəqəmlərə görə, ehtiyatların 2,45 milyon barel azalacağı gözlənilir.
Qərbi Texas nefti ötən gün 57,56 dollara qədər bahalaşdıqdan sonra 56,91 dollara düşüb. "Brent" nefti hazırda 63,41 dollardan satılır. Bu bir dollardan çox ucuzlaşma deməkdir. Ötən gün bu markadan olan neft 64,47 dollardan satılıb.
Noyabrın 30-da OPEK ölkələrinin Vyanada keçirəcəyi görüşdə mart ayında sona çatacaq istehsalın azaldılması ilə bağlı razılaşmanın vaxtının uzadılması gözlənilir. Son həftələrdə baş verən hadisələr nəticəsində neftin qiymətləri 20 faiz artıb.
Bahalaşmaya bir neçə hadisə təsir edir. ABŞ-da ehtiyatların həcmində baş verən dəyişiklər, istehsalın artması və yeni quyuların istismara verilməsi, Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində şahzadələrin, iş adamlarını həbsi, OPEK+ formatında istehsalın azaldılması razılaşmasının vaxtının uzadılması və İraqın Kərkük bölgəsində neft hasilatının azalması qiymətləri ciddi surətdə dəyişə bilər.