Tramp Seulda: "Şimali Koreya onun babasının təsvir etdiyi cənnət deyil"
"Şimali Koreya sənin babanın təsvir etdiyi cənnət deyil". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu sözlər ABŞ prezidenti Donald Trampa aiddir.
Ağ Ev rəhbəri Asiya turnesi çərçivəsində Seula gəlib və Cənubi Koreya parlamentində çıxış edib. Trampın hədəfində Kim Çen In olub. O, Şimali Koreyanı heç kəsin yaşamaq istəmədiyi cəhənnəm adlandırıb: "Pxenyanın sahib olduğu silahlar Kim Çen Inın təhlükəsizliyini təmin edə bilməyəcək. Əksinə, həmin silahlar onun məhvini daha da qaçılmaz edir. Onun atdığı hər addım sonunu yaxınlaşdırır".
Donald Tramp Pxenyanın gələcəyini aqressiyaya son qoymaqda, ballistik raketlərin sınağını və nüvə proqramının inkişafını dayandırmaqda gördüyünü deyib. Ağ Ev rəhbəri bunların baş verməyəcəyi təqdirdə Vaşinqtonun sərt addımlar atacağını bildirib.
"Artıq səbir etmək fikrimiz yoxdur, güc tətbiq etməyin zamanı çatıb" - deyə, ABŞ prezidenti vurğulayıb: "Biz müttəfiqlərimizi də qoruyacağıq, bunun üçün bütün imkanlar mövcuddur. Seulla təhlükəsizlik sahəsində əməkdaşlığımız etibarlı müttəfiqliyin yalnız bir hissəsidir".
Xatırladaq ki, ABŞ prezidenti Asiya turnesi çərçivəsində Çin lideri Si Tzinpinlə də görüşəcək. Pekində o, Çin rəhbərliyi ilə Şimali Koreya problemini müzakirə edəcək. Rəsmi Pekin bu problemin yalnız sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu dəfələrlə bəyan edib.
Bundan başqa ABŞ prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə də görüşü nəzərdə tutulub. Dövlət başçıları Vyetnamda baş tutacaq Asiya-Sakit Okean İqtisadi Şurasının növbəti sammiti çərçivəsində görüşəcək. Onlar Ukrayna, Suriya və Şimali Koreya məsələləri barədə fikir mübadiləsi aparacaq.