Çempion şahmatçılarımız Bakıda alqışlarla qarşılandı
Şahmat üzrə kişilərdən ibarət milli komandamız 3-cü dəfə Avropa çempionu olub.
APA TV-nin Apasport.az-a istinadən məlumatına görə, yığmamızın üzvləri ötən gecə vətənə dönüb. Onlar hava limanında alqışlarla qarşılanıblar.
Şəhriyar Məmmədyarov qələbə hisslərini jurnalistlərlə bölüşüb: “Uğura gedən yol bizim üçün çox gözəl oldu. Əsas rəqiblərə - Ermənistan, Rusiya və Macarıstana qalib gəldik. Üçündən birinə qalib gəlmək belə çətindir. Azərbaycan ən güclü komandalara qalib gəldi. Biz olimpiadanın da qalib ola bilərik”.
Bu çempionatdan sonra Şəhriyar Məmmədyarov FİDE-nin reytinqində də irəliləyib: “Maqnus Karlsen dünyanın bir nömrəli şahmatçısıdır. Dünyada ikinci yerdə olmaq həqiqətən çox böyük uğurdur. Necə ki, komanda yoldaşım, dostum Rauf Məmmədov demişdi ki, sən insanlar arasında birinci yerdəsən. Yəni həqiqətən Karlsen o qədər güclüdür ki, onunla mübarizə aparmaq çox çətindir. Çalışacağam ki, birinci olmaqla da sizləri sevindirək”.
Azərbaycan millisinin şahmatçısı Rauf Məmmədov qalibiyyəti Vüqar Həşimova həsr edib: “Demək olar ki, mən də Ermənistana qalib gəldikdən sonra qızıl medala çox böyük şansımızın olduğunu fikirləşdim”.
Qədir Hüseynov Ermənistanla qarşılaşmanın həmişə prinsipial keçdiyini vurğulayıb: “Son 8 ildə Azərbaycan 3 dəfə Avropa çempionu olub, son 6 qitə çempionatında 5 dəfə medal qazanıb. Bu da onu göstərir ki, ölkəmizin komandası həmişə favoritlər sırasındadır”.
Eltac Səfərli isə 1 qızıl və 1 gümüş medal qazanıb. O, kapitan kimi də Avropa çempionu tituluna yiyələnib: “Son 6 Avropa çempionatında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışıq. Bu dəfə yarış bizim üçün çox uğurlu alındı. 15 il öncə - 2012-ci ildə Krit adasında, məhz həmin zalda dünya çempionu olmuşdum. Orda həmin xatirələr də yadıma düşdü”.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov isə çempionatın uğursuz başlamasına baxmayaraq, şahmatçıların qarşılarına hədəf qoyduqlarını bildirib: “Uşaqlar hamısı qarşısına məqsəd qoymuşdular ki, əmsallarından aşağı yer olmasın. İlk turdakı məğlubiyyət onları heç də ruhdan salmadı. Əksinə, daha da ruhlandılar. Ona görə ki, həmin günlərdə “Qarabağ” da Madriddə “Atletiko”ya qarşı çox gözəl oyun etdirdi. Bu matç uşaqlara əlavə ruh yüksəkliyi verdi. Həmin görüşdən bir gün sonra komandamız Ermənistan yığması ilə qarşılaşdı. Bu ruh yüksəkliyi rəqib üzərində qələbəmizdə mənəvi kömək də oldu. Elə dönüş də bu qələbədən yarandı”.