Sabunçuda qadın ərini niyə öldürüb? - TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda xüsusi amansızlıqla törədilən qətlin bəzi təfərrüatları məlum olub.

 

APA TV-nin məlumatına görə, Sabunçu rayonu Dadaşov küçəsi 17 ünvanında yaşayan  1994-cü il təvəllüdlü Tünzalə Elşad qızı Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nazim Fəxrəddin oğlu Vəliyevin başına meyvə qabını çırpıb. Nəticədə N.Vəliyev yerə yıxılıb. Bundan sonra ərinin qalxıb onu öldürəcəyindən qorxan qadın qaz balonunu bir neçə dəfə onun başına vuraraq öldürüb.

 

Hadisə baş verən zaman uşaqlar evdə olub. Qeyd edək ki, birgə nikahdan Vəliyevlərin 2 azyaşlı övladı var.

 

Tünzalə Vəliyeva Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə verdiyi ilkin izahatında ərini qəsdən öldürdüyünü etiraf edib.

 

Hadisə yerində olan çəkiliş qrupumuza mərhumun qohumları hadisənin detalları barədə məlumat vermək istəmədiklərini, lakin onların hər ailədə olduğu kimi ara-sıra mübahisə etdiklərini deyiblər. Bildirilib ki, hadisə vaxtı qadın qolundan xəsarət alıb. Vəliyeva ifadəsində qolundakı xəsarəti hadisədən bir gün qabaq aldığını deyib. Təqsirləndirilən şəxs ərinin onu döydüyünü də bildirib. Qətlin gecə saatlarında mərhum yatdığı zaman törədildiyi versiyası barədə də söhbətlər gedir. Hələlik Sabunçu rayon prokurorluğu məlumatı nə təkzib, nə də təsdiq edib.

 

Fakt araşdırılır.

Müəllif | Apa.Tv