Səudiyyə təyyarələri Yəmən üzərində: bombardmanlar başladı - ÖLÜ SAYI ÇOXDUR
Səudiyyə Ərəbistanı Yəməni bombalayıb. APA TV-nin "Al-Jazeera" telekanalına istinadən məlumatına görə, bombardman gecə boyu davam edib.
Sərhədə yaxın Haccah vilayətinin Hiran kəndinə 16 dəfə hərbi təyyarələrlə zərbə endirilib. Yerli media və fəallar aralarında qadın və uşaqların da olduğu 30 insanın öldüyünü bildirir. Qurbanların 10-u eyni ailədəndir. Hiran kəndində Şeyx Hamdinin evinin bombalandığı qeyd olunur.
Qeyd edək ki, həftə sonu Ər-Riyadda hava limanına Yəməndən raket atılmışdı. Səudiyyə Ərəbistanı raketin İran istehsalı olduğunu bildirərək bu ölkəni ittiham etmişdi. Bundan sonra Yəmənlə bütün sərhədlər Səudiyyənin rəhbərlik etdiyi koalisiya üzvləri tərəfindən bağlanmışdı. Humanitar yardım təşkilatları Səudiyyə Ərəbistandan sərhədlərin açılmasını tələb edir.
Yəməndəki müharibə Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya ilə İran dəstəkli husilər arasında təxminən üç ildir davam edir. Husilər hazırda paytaxt Sana da daxil ölkənin qərb hissəsinə nəzarət edir. Ölkənin mərkəz hissəsində "əl-Qaidə" terror təşkilatının nəzarət etdiyi bölgələr də var.