Körpü yenidən istifadəyə verildi: Qubada əsas yolda təmir davam edir

1972-ci ildə inşa olunmuş körpüdə bərpa işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Yolun beynəlxalq yük və sərnişin daşımasındakı əhəmiyyəti nəzərə alınaraq bərpa işləri qısa müddət ərzində yekunlaşdırılıb.

 

Bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən 120 metr uzunluğunda olan körpünün 7 aşırımında olan mövcud 49 tir yenisi ilə əvəz edilib və dayaqları köynəyə alınıb möhkəmləndirilərək armo-betonla betonlanıb.

 

"Azəravtoyol" ASC-nin Mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, aparılan bərpa işləri zamanı körpünün eni genişləndirilərək 8 metrdən 10,5 metrə çatdırılıb. Körpünün hər iki tərəfində piyadaların normal və təhlükəsiz hərəkəti üçün 1,2 metr enində yeni piyada səkiləri qurulub. Səkilərlə təhlükəsiz hərəkəti təmin etmək məqsədilə körpünün hərəkət hissəsi və səkilərin arasına xüsusi təkərqaytaran dəmir-beton maneələr qoyulub, körpünün kənarlarına isə yeni mühəccərlər quraşdırılıb.

 

Körpünün üstünə yeni asfalt-beton örtük döşənib, üfüqi nişanlanma xətləri çəkilib, yeni yol nişanları qoyulub. Körpünün yükgötürmə qabiliyyəti əvvəlki 60 tondan 100 tona çatdırılıb.

 

Xatırladaq ki, körpü uzun müddət istismar olunduğundan və ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşmüşdü. "Azəravtoyol" ASC-nin mütəxəssisləri, canlı qüvvə və texnika cəlb olunaraq körpünün bərpasına başlanılıb və qısa müddət ərzində bu işlər yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

 

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Quba şəhəri Fətəli Xan küçəsində də təmir-tikinti işləri aparılıb. Sözügedən küçənin uzunluğu 1,4 km, eni isə 10 metrdir. Piyada səkilərinin eni 2-4 metr arası dəyişir. Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra 13 min kvadrat m-dən çox hissəyə yeni asfalt örtüyü döşənib. Bundan başqa vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkəti üçün mövcud piyada səkiləri də yenidən qurulub. Səkilərin üstünə bəzək daşları döşənib, kənarlarına isə 2700 paqon-metr yeni səki daşları düzülüb.

 

Yüksək keyfiyyətlə aparılan təmir-tikinti işləri bitəndən sonra küçəyə yolcizgi və yolgöstərici xətlər çəkilib.

Müəllif | Apa.Tv
Nigar Həsənli