Əflatun Amaşov: "Kriminal xəbərlərdə hüquq-mühafizə orqanlarının düşmən obrazı yaradılır"
“Biz “Google”da “Dağlıq Qarabağ”, “Bakı-Tbilisi-Qars dəmiryolu”, “Fədayə Laçın ” və “Qoca” ləqəbli kriminal avtoritet” sözlərini axtarışa verdik. Birinci yerdə “Fədayə Laçın”, ikinci yerdə “Dağlıq Qarabağ”, üçüncü yerdə “Qoca”, dördüncü yerdə “Bakı-Tbilis-Qars dəmiryolu” ifadələri qərarlaşmışdı. Bax, bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir”.
APA TV-nin xəbərinə görə, bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov “Mediada kriminal hadisələrin işıqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, dustaqların qatardan qaçması faktı ilə bağlı yalnız APA, AzərTAC və “Trend” informasiya agentlikləri rəsmi məlumatlara əsasən xəbərlər yayıb: "Kriminal xəbərlərdə cinayətkarlar qəhrəman kimi təqdim olunur. Cinayətkarların romantikcəsinə təbliğ olunması nəticəsində cəmiyyətdə yeniyetmələrin hüquqi prosesə qoşulmasında əngəllər yaranır. Kriminal xəbərlərin fonunda ən qorxulusu hüquq-mühafizə orqanları əməkdaşlarının düşmən obrazının yaradılmasıdır".
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, internet media mövcud rəqabət mühitində dövlət və ictimai maraqları unudur, nəticələri nəzərə almayaraq vətəndaşlarımıza yanlış, hətta zərərli mesajlar verir. PA rəsmisi qeyd edib ki, son iki həftə həm Azərbaycan, həm də dünyada olduqca əlamətdar, tarixi hadisələrlə yadda qalıb. Vüqar Əliyev bu hadisələrin KİV tərəfindən geniş işıqlandırdığını, bəzi internet media və qəzetlərin isə diqqəti həm də kriminal mövzu üzərində fokuslaşdıraraq, ictimai maraq kəsb etməyən məsələni qabartdıqlarını bildirib: "Soruşula bilər ki, cinayətkarı az qala qəhrəman obrazında təqdim etmək, onun həyatını nümunə kimi göstərmək nə dərəcədə düzgündür?! Gənclərimiz bundan hansı yaxşı nümunəni əxz edə bilər? Ümumiyyətlə, kriminal elementlərlə bağlı hər hansı hadisəni olmazın dərəcədə qabardıb, əsas mövzulardan birinə çevirmək kimin maraqlarına xidmət edir? Təəssüf ki, bəzi informasiya resurslarımız bir gün ərzində mövzu ilə bağlı 10-a yaxın material təqdim edərkən bu suallar haqqında düşünmürlər".
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, mətbuat sensasiya ilə özünə oxucu, telekanallar isə qalmaqalla özünə tamaşaçı yığmağa çalışır.
“Ədalət” qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas qeyd edib ki, bəzi media rəhbərləri öz evlərinə apara bilmədikləri qəzetləri başqalarının evlərinə göndərirlər.
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, media hər şeydən yazmalıdır: “Mənim bu məsələdə mövqeyim fərqlidir. Əgər kriminal hadisə baş veribsə, media bunu yazmalıdır. Söhbət kriminal hadisələrə yanaşmadan gedir. Kriminal xəbərlərdə ictimai əhəmiyyəti olan hadisələr var. Media məsələni elə təqdim edə bilər ki, insanlar ondan nəticə çıxara bilərlər".
Vüsalə Mahirqızı bildirib ki, medianın fəlsəfəsi hüquqi dövlətin qurulmasında iştirak etməkdir: “Kriminal avtoritetlərin öz qayda-qanunları olur. Bu isə medianın öz fəlsəfəsinə ziddir. Media öz fəlsəfəsinə zidd olan işlə məşğul olmamalıdır. Mən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin kölgədə qaldığını düşünmürəm. Biz APA-da, APA TV-də böyük yazılar, təhlillər verdik, verilişlər yayımladıq. Bakı-Tbilisi-Qars bizim üçün gündəm idi. Sosial şəbəkələrdə əsasən kütlənin maraq dairəsində olan yazıları paylaşırlar. Biz də kütlənin marağında olan xəbərlərə daha maarifləndirici yöndən yanaşmağa çalışmalıyıq".
“APA Holding”in rəhbəri əlavə edib ki, sosial şəbəkələrdən linç vasitəsi kimi istifadə olunması da narahatedicidir.
Tədbir müzakirələrlə davam edib.