AMEA əməkdaşlarının maaşları artırılsın! - MİLLİ MƏCLİSDƏ TƏKLİF
Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin Milli Məclisdə müzakirəsi davam edir.
APA TV-nin məlumatına görə, bu gün büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin daha 5 komitəsinin - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdə komitələrin sədrləri və üzvləri ilə yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, maliyyə nazirinin müavini Azər Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər rəsmi şəxslər iştirak edib.
Birgə iclasa sədrlik edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təklif edib ki, Azərbaycanda ehtiyac meyarının məbləği artırılmalıdır, yaşayış minimumunun məbləğinin dəyişdirilməsinə isə ehtiyac yoxdur.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, "Pensiyalar haqqında” qanunda pensiyaların artırılması mexanizmi dəyişib. 2017-ci ilin iyulun 1-dən qüvvəyə minmiş həmin dəyişikliklərə görə, artıq pensiyaların maliyyələşdirilməsində dəqiq bölgü prinsipi var. Artıq sırf sığorta prinsiplərinə keçidin təminatı ilə bağlı olaraq hesabında ən az 110 manat, yəni pensiyanın formalaşmasına imkan verən qədər vəsait toplanmayan şəxslərin əmək pensiyası almaq hüququ olmayacaq.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsi çox peşəkarlıqla hazırlanıb. Bununla belə, komitə sədri səhiyyə üzrə bəzi sahələrə vəsaitin artırılmasının vacib olduğunu söyləyib: “Bilirsiniz ki, ölkədə hər il 100-120 nəfər eşitmə defekti ilə uşaq dünyaya gəlir. Bu uşaqlar əgər dünyaya gəldikdən qısa müddət sonra əməliyyat olmasa, onlar ömür boyu lal və kar qalırlar. Keçən il də bu məsələni qaldırdıq. Milli Məclisə müraciətlər bir daha göstərir ki, bu məsələ tam həllini tapmayıb. Bu, təxminən 1,5-2 milyon manat civarında bir vəsaitdir”.
Deputat, cərrah Rəsad Mahmudov bildirib ki, ürək qüsuru ilə doğulan körpələrdən 25 faizi ilk 6 ay müddətində tələf olur. Rəşad Mahmudov maliyyə naziri Samir Şərifova müraciət edərək qeyd edib ki, bununla bağlı əməliyyatların keçirilməsi üçün vəsaitə ehtiyac var və vaxtında tədbir görülməsə, fəsadlar daha da artacaq.
Gövhər Baxşəliyeva isə AMEA əməkdaşlarının məvacibləri artırılması məsələsini gündəmə gətirib: "Elm sahəsinə nəzərdə tutulan maliyyə vəsaiti bu illə müqayisədə 4,3 faiz artırılıb. Onların aldığı maaş ürəkaçan səviyyədə deyil. Yaxşı olardı ki, AMEA əməkdaşlarının məvacibləri də artırılsın".
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı təklif edib ki, uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın, bu məsələ təkmilləşdirilsin: "3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin həcmi artırılsın və bu, 3 il müddətinə dəyişdirilməsin”.
Komitələrdə büdcə müzakirələri noyabrın 13-də başa çatacaq. Noyabrın 21-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.