FHN Akademiyasında Dövlət Bayrağı günü və Konstitusiya günü qeyd olunub
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, əvvəlcə Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub.
Tədbiri açıq elan edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını hər iki bayram münasibətilə təbrik edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyev Azərbaycanın dövlət atributlarını həmişə uca tutur. Ölkə başçısının Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında tarixi sərəncamı buna parlaq misaldır.
Akademiyanın rəisi qeyd edib ki, ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb.
Toplantı iştirakçılarını təbrik edən Milli Məclisin üzvü, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bayraq dövlətin rəmzlərindən biridir və hər bir ölkə, onun vətəndaşları üçün müqəddəsdir. Azərbaycan Demokratik Respublikasının qurucuları olmuş babalarımızdan bizə yadigar qalan milli sərvətimizin - üçrəngli bayrağımızın məhz Heydər Əliyevin cəsarətli addımı və uzaqgörənliyi sayəsində yenidən xalqımıza qaytarıldığını deyən natiq bu dövlət atributunun qorunmasının hər bir Azərbaycan vətəndaşının, o cümlədən əsgər və zabitinin müqəddəs vəzifəsi olduğunu diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, tarixə “Heydər Əliyev Konstitusiyası” kimi daxil olmuş Azərbaycan Konstitusiyasında hüquqi-demokratik dövlət quruluşuna və ölkə vətəndaşlarının geniş hüquqları və azadlıqlarına dair müddəalar öz əksini tapıb. Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın demokratik cəmiyyətin təməlləri ildən-ilə möhkəmlənir.