Prezident İlham Əliyev: "Neft Azərbaycan sabitlik, rifah və inkişaf gətirdi"

Noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda 2 milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

 

Dövlət başçısı bunu çox önəmli hadisə kimi dəyərləndirərək bildirib ki, neftçilər bütün dövrlərdə dövlətə və xalqa ləyaqətlə xidmət edib, onların zəhməti hesabına ölkəmizin böyük iqtisadi potensialı yaranıb.

 

Prezident Xəzər dənizində yeni neft-qaz yataqlarının aşkarlanması, istismarı və bütövlükdə Azərbaycanın inkişafında neftçilərin rolunu yüksək qiymətləndirib. 1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə ölkəmizdə 1 milyardıncı ton neftin hasil edilməsi ilə bağlı tədbirin keçirildiyini xatırladan dövlət başçısı ulu öndərin sovetlər dövrü və müstəqillik illərində neft-qaz sənayesinin inkişafı ilə bağlı gördüyü tarixi işlərdən danışıb.

 

İlham Əliyev bildirib ki, Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkəmizin inkişafının təmin edilməsində mühüm rol oynayır. Prezident həmçinin 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"nin əhəmiyyətinə toxunaraq, bu sənədin dünyada ölkəmizə olan marağı daha da artırdığını, nəticədə ölkəmizdə infrastruktur layihələrinin icra edildiyini qeyd edib.

 

Azərbaycan prezidenti eyni zamanda "Şahdəniz" yatağı üzrə imzalanan müqavilənin əhəmiyyətinə toxunub, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Novorossiysk, Bakı-Supsa neft-qaz kəmərlərinin ölkəmiz üçün rolundan danışıb.

 

Prezident İlham Əliyev Bakıda ən müasir qazma qurğularının, platformalarının tikildiyini, "qara qızıl"ın insan kapitalına çevrildiyini, neftdən gələn gəlirlərdən səmərəli istifadə olunduğunu bildirib.

 

"Azərbaycan nefti ölkəmizə sabitlik, rifah və inkişaf gətirdi", - deyən dövlət başçısı, ölkəmizin inkişafında neft-qaz amilinin gələcəkdə də böyük rol oynayacağını vurğulayıb. İlham Əliyev bildirib ki, neftdən gələn gəlirlər Dövlət Neft Fondunda şəffaf şəkildə saxlanılır, vacib sosial və infrastruktur layihələrinə xərclənir. Buna misal olaraq prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsini tarixi nailiyyət adlandırıb.

 

Daha sonra SOCAR prezidenti Rövnəq Abdullayev, “28 May” Neft-Qaz Çıxarma İdarəsinin 10 saylı özülünün rəisi Qədim Əliyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə Əsədova, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə mərasimdə çıxış ediblər.

 

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə birinci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Dövlət başçısı ordeni Xoşbəxt Yusifzadəyə təqdim edib

 

Sonda Azərbaycanın neft sənayesinin tarixinə həsr edilən videoçarx nümayiş olunub.

Müəllif | Apa.Tv
Fərid Rəsulov