Bakıda evdən ov tüfəngləri oğurlayanlar tutuldu
Bakıda 11 ay əvvəl törədilən cinayətin üstü açılıb.
APA TV-nin xəbərinə görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu PB-nin əməkdaşları ötən ilin dekabr ayında quldurluq hadisəsi törətməkdə şübhəli bilinən şəxsləri həbs edib.
Onlar Dədə Qorqud qəsəbəsində yerləşən fermalardan birinin yaşayış sahəsinə basqın edərək, oranın sahibi Hafis Həsənovu döyərək onun 1400 manatını, eləcə də ona məxsus iki ədəd ov tüfəngini götürərək qaçıblar.
Cinayətin bu vaxta qədər açılmamasının səbəbi Beyləqan rayon sakini Elməddin Abbasov və Zaqatala rayon sakini Vasif Məmmədəliyev tərəfindən törədilməsi olub. Onlar hadisəni törədəndən sonra rayona qayıdıblar: "Gəldik qəsəbəyə, evə keçdik. Ov tüfəngləri vardı, silahları götürdük. Qızıl üzüyü isə aparıb satdıq".
Ov tüfəngləri basdırıldıqları yerdən çıxarılaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı E.Abbasov və V.Məmmədəliyevin Zaqatala rayonunda da oğurluq cinayətləri etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.