Bakı metrosunun 50 illiyi qeyd olundu

2025-ci ilə qədər Bakı Metropoliteninin Bənövşəyi xətt üzrə 12 stansiyasının tikintisi başa çatacaq. APA TV-nin xəbərinə görə, bunu "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş  mühəndisi Əlixan Osmanov deyib.

 

O qeyd edib ki, artıq həmin stansiyaların tikintisi üçün torpaq sahələri ayrılıb: "Bənövşəyi xətt Qaraçuxur qəsəbəsinə qədər olacaq. Bildiyiniz kimi, artıq həmin xətt üzrə 2 stansiya - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları istifadəyə verilib. Digər stansiyaların da bəzilərinin tikintisi davam edir. 2025-ci ilə qədər bu xətt üzrə bütün stansiyalar istifadəyə verilməlidir".

 

Əlixan Osmanov deyib ki, hazırda mövcud stansiyaların yenilənməsi və yeni avadanlıqlarla təchiz edilməsi planlaşdırılır: "Eyni zamanda vaqon parkının yenilənməsi və yeni xətlərdə qatarların hərəkətinin təşkili üçün Rusiyanın "Metrovaqonmaş" ASC ilə müqavilələr bağlanacaq və yeni nəsil vaqonlar alınacaq. Artıq ötən il həmin zavoddan 15 vaqon alınaraq istismara verilib. Həmin vaqonlar həm havalandırma, həm də kondisioner sistemləri ilə təchiz olunub. Yeni nəsil 765 seriyalı vaqonlar əvvəlki vaqonlardan da rahat olacaq".

 

Qeyd edək ki, bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə  keçirilən təntənəli yığıncaqda prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov İlham Əliyevin Bakı Metropoliteninin 50 illik yubileyinə həsr olunmuş təbrik məktubunu oxuyub. "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bildirib ki, 2004-2012-ci illər ərzində prezident İlham Əliyevin dəstəyi nəticəsində metropoliten üçün 116 ədəd  yeni vaqon alınıb. Onun sözlərinə görə, uyğun olaraq “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi"nə uyğun olaraq gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 3 mövcud və 2 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 120 km-ə yaxın metro xəttindən ibarət olacaq. Yeni xətlərdə 7 vaqonlu qatarların hərəkəti, həm idarəetmədə, həm hərəkətin təşkilində, həm də təchizatda ən müasir sistemlərin tətbiqi nəzərdə tutulub.

Müəllif | Apa.Tv