Üçrəngli bayraq bir daha qürurla çiyinlərdə daşındı - TƏRTƏRDƏ "BAYRAQ YÜRÜŞÜ"
Tərtərdə 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, tədbir Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, “ASAN Xidmət” və Tərtər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.
Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, millət vəkilləri, “ASAN Xidmət”in əməkdaşları, hərbçilər, ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edib.
Yürüşdən əvvəl iştirakçılar Tərtər rayonunun mərkəzi meydanında Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub. Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək bldirib ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır: "Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən Bayraq yürüşü gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından böyük əhəmiyyət daşıyır”.
Təmas xəttində xidmət edən hərbçilərin də qatıldığı yürüşdə minlərlə tərtərli iştirak edib.
"Bayraq günü ən sevimli günümüzdür bizim. Gün o gün olsun ki, Bayraq gününü Şuşada, Laçında, Kəlbəcərdə qeyd edək. Torpaqlarımız işğaldan azad olsun, biz də fəxr edək", - deyə hərbi qulluqçu Zəfər Qəhrəmanov ürək sözlərini dilə gətirib.
Digər bir hərbi qulluqçu Nicat Ağayev də eyni arzularla yaşadığını deyib: "Bu bayram münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. O gün olsun ki, bu bayrağı təntənəli surətdə Qarabağda dalğalandıraq".
Yürüş başa çatdıqdan sonra aksiyada iştirak edən tanınmış ziyalılar və bir qrup qələm sahibləri Şırxarx qəsəbəsinə gedərək Marağa-150 abidəsinə baxış keçirib. Daha sonra cəbhə xəttində yerləşən Qapanlı kənd tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşüblər. Qonaqlar düşmən gülləsinin bir addımlığında təhsil alan məktəblilərə kompüter və kitab hədiyyə edib.