ABŞ Rusiya ilə Avropanın arasında dollardan sədd çəkir: MİLYARDLAR AYRILIR
ABŞ Konqresinin hər iki Palatası Rusiyanın Avropaya müdaxiləsinin qarşısının alınması üçün 4,6 milyard dollar ayırmaq qərarına gəlib.
APA TV-nin məlumatına görə, bu barədə Senatın Silahlı qüvvələr üzrə komitəsinin saytında bildirilir.
Dövlət büdcəsindən Pentaqona ayrılan maliyyə vəsaitləri ABŞ-ın Avropada mövqeyinin gücləndirilməsinə yönəldiləcək. O cümlədən Baltikyanı ölkələrin müdafiə qabiliyyətinin artırılmasına 100 milyon dollar xərclənə bilər. Qanun layihəsi Nümayəndələr Palatası və Senatda qəbul edildikdən sonra imzalanmaq üçün prezidentə göndəriləcək.
Bundan əvvəl ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının müvafiq komitələri 2018-ci maliyyə ilində Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edilməsi barədə razılığa gəlib.
Bundan əlavə, konqresmenlər orta mənzilli raketlərin işlənib hazırlanmasına 58 milyon dollar vəsait ayırıb. Müvafiq qərar 2018-ci ilin müdafiə büdcəsi layihəsində yer alıb. Buna səbəb kimi Rusiyanın "Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında" müqavilənin maddələrini pozması göstərilib.
Qeyd edək ki, "Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında" müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb. Rusiya və ABŞ dəfələrlə bir-birini sazişin pozulmasında günahlandırıb.