Kolumbiyada ən böyük narkotik partiyası ələ keçdi - 12 TON KOKAİN
Kolumbiyada ölkə tarixində ən böyük narkotik partiyası ələ keçirilib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, polis 12 ton kokaini dövriyyədən çıxarıb.
Ölkə prezidenti Xuan Manuel Santos şəxsən hüquq mühafizə orqanlarının əməliyyat keçirdiyi əraziyə gəlib.
"Aqamemnon-2" adlı əməliyyata 400 polis əməkdaşı cəlb edilib. Kokain bağlamaları banan tədarük edilən 4 fermada aşkar edilib. Narkotik fermalara ölkənin 10 regionundan daşınıb.
Ələ keçirilən külli miqdarda kokain Kolumbiyada fəaliyyət göstərən "Körfəz klanı" narkomafiyasına aiddir. Həmin cinayətkar qruplaşmaya "Otoniel" ləqəbli Dario Antonio Usuqe adlı şəxs rəhbərlik edir.
Adı çəkilən mafiya Kolumbiyada ən təhlükəli qruplaşma hesab olunur, onun üzvləri narkoticarətdən başqa zorakılıq əməlləri ilə tanınır.