ABŞ-da neft hasilatı 47 illik rekordu yenilədi - OPEK VƏ RUSİYA NƏ EDƏCƏK?
ABŞ-da neft hasilatı tarixi maksimumu yeniləyib.
APA TV-nin məlumatına görə, "qara qızıl"ın yüksək qiymətləri slans şirkətlərinin işində aktivlik yaradıb. Bu azmış kimi ABŞ-ın Energetika Nazirliyi həm OPEK, həm də Rusiyanı məyus edəcək hesabat açıqlayıb.
Gözlənilənlərin əksinə olaraq ştatların neft ehtiyatı azalmaq əvəzinə 2,24, gündəlik hasilat səviyyəsi isə 9,62 milyon barel artıb. Sonuncu dəfə analoji rekord 1970-ci ildə qeydə alınıb.
Bu artım həm də ABŞ-da tüğyan edən qasırğalar nəticəsində dayandırılan hasilatın tam gücü ilə bərpası nəticəsində mümkün olub. Qiymətlərdəki ani artım fonunda slans hasilatçıları rentabelliyin artması səbəbindən hasilatı da yüksəldir. Yeri gəlmişkən, ötən günlərdə OPEK-in açıqladığı yeni hesabat 2022-ci ilədək ABŞ-da hasilat səviyyəsinin sutkada 11,1 milyonadək artacağını açıqlayıb ki, bu da heç şübhəsiz "qara qızılın" qiyməti üçün mənfi tendensiyadır.
Bu arada birja göstəriciləri 63,3 dollara yaxın səviyyədə qərarlaşıb. İndi qiymətlərin yenidən korreksiyası üçün münbit şərait yaranıb. Bu vəziyyətin fonunda ekspertlərin çoxu qiymətlərin 75 dollaradək artacağını proqnozlaşdırıb. Əsas məsələ bazar iştirakçılarını buna inandırmaqdan ibarətdir.
Son hərrac zamanı isə "Brent" markalı neftin 1 barelinin dəyəri azalaraq 63,43 dollar olub. WTI neftinin qiyməti 56,79 dollar təşkil edib.