Tramp prezident kimi ilk dəfə Pekində: "Dünyadakı problemləri həll edə bilərik"

"Biz dünyadakı bütün problemləri həll edə bilərik". APA TV-nin "Associated Press"ə istinadən məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp Pekində Çin lideri Si Tzipinlə görüşdə deyib.

Tərəflər bir çox məsələləri müzakirə edib. Ağ Ev rəhbəri Şimali Koreyanın ballistik raket sınaqlarını və nüvə proqramını inkişaf etdirməsindən narahatlığını bir daha ifadə edib.

ABŞ prezidenti qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkə xalqlarının maraqlarına uyğun olduğunu bildirib və əməkdaşlığın inkişafını ən düzgün seçim adlandırıb.

Ağ Ev rəhbəri ölkəsi ilə Çin arasındakı ticarət əlaqələrinə də toxunaraq, burada ədalətsizliyə yol verildiyini, eyni zamanda rəsmi Pekinin addımlarının Çində defisit və ölkənin dünya bazarına çıxışına məhdudiyyət yaratdığını önə çəkib.

Si Tzinpin öz növbəsində Vaşinqtonla Pekin arasındakı münasibətlərin dünyada sülhə, sabitliyə və inkişafa təkan verdiyini bildirib.

"Biz bütün sahələrdə əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmaq, ticari-iqtisadi, hərbi sahədə əlaqələri gücləndirmək barədə yekdil fikrə gəldik" - deyə, Tzinpin ifadə edib.
 

Liderlər Əfqanıstan və Koreya yarımadasında koordinativ şəkildə addımlar atılmasının vacibliyini vurğulayıb.

Bundan başqa ABŞ və Çin şirkətləri arasında 9 milyard dollar dəyərində müqavilələr imzalanıb. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd