"İki dövlətin bir komediyası" təqdim olundu - İZDİHAM YAŞANDI

Türkiyə və Azərbaycanın birgə istehsalı olan "Yanlış anlama" filminin təqdimatı olub.  

 

APA TV-nin məlumatına görə, qala gecəsində yaradıcı heyətin üzvləri filmlə əlaqədar təəssüratlarını bölüşüb.

 

Onların hər biri bu komediya filminin tamaşaçılar tərəfindən seviləcəyinə ümid etdiklərini vurğulayıb. Təqdimat günü maraqlı hadisə də baş verib. Aktyorlar zalda izləyicilərlə bərabər filmi izləyə bilməyib. Dəvətnamələrin az, gələnlərin çox olması təkcə aktyorların yox, ayaq üstə qalmağa məcbur olan tamaşaçıların da zalı tərk etməsinə səbəb olub. Təşkilatçıların bu qüsurunun bir daha təkrarlanmaması ümidi ilə keçid alaq filmin süjet xəttinə...

 

Hünkar Dədəyə gəncliyində görüşdüyü xanımdan məktub gəlir. Ona miras qoyduğunu yazır və Bakıya çağırır. O da nəvələri və qonşusu ilə paytaxtımıza gəlir. İki ölkə vətəndaşlarının bir-birini başa düşməməsi nəticəsində maraqlı və gülməli hadisələr baş verir. Komik səhnələrdə həm də humanizm, insanlıq, qardaşlıq, yardımsevərlik mesajları verilir. Bakının müxtəlif yerilərində çəkilən səhnələrdə tamaşaçılar həm də paytaxtın gözəlliklərini görmək imkanı da qazanırlar.

 

Beləliklə, iki dövlətin bir komediyasına baxmaq istəyənlər kinoteatrlara üz tuta bilərlər. 

Müəllif | Apa.Tv
Nigar Həsənli