Birjalar Səudiyyədən gələn xəbərləri gözləyir, neftin qiyməti stabilləşir
Birjalarda neftin qiyməti 63-64 dollar ətrafında sabitləşir. APA TV-nin məlumatına görə, son 24 saat ərzində "Brent" markalı neftin bir barelinin maksimum qiyməti 64,12 dollar təşkil edib. Səhər seanslarında isə qiymətlər 63,83 dollara kimi ucuzlaşıb. Qərbi Texas neftinin qiymətində analoji tendensiya müşahidə olunub. Axşam seanslarında 57,38 dollardan satılan WTİ nefti səhər keçirilən ticarət sessiyalarında 57,09 dollara təklif olunur.
Bu gün "Baker Hughes" şirkəti ölkədə neft hasilatına cəlb olunan buruqların sayına dair hesabatı açıqlayacaq. Buruqların sayının azalması bu həftə də davam edərsə, birjalarda həftənin son ticarət sessiyalarında qiymətlərin 65 dollara kimi yüksəlmə ehtimalı var. Səudiyyə Ərəbistanından gələn xəbərlər də neftin qiymətlərini dəstəkləməkdə davam edir. Ölkədə həbs olunan şahzadə, sabiq nazir və milyarderlərin sayının 200 nəfəri keçməsi dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyədə böhranın davam etməsi kimi dəyərləndirilir.