Şagirdlər yol polisi oldu, qayda pozanlar saxlanıldı - MARAQLI TƏŞƏBBÜS

Ağdaş rayonunda 9 noyabr - Dövlət Bayrağı günü münasibətilə yol hərəkəti qaydalarının təbliği məqsədilə maarifləndirici tədbir təşkil edilib. APA TV-ninyerli bürosunun məlumatına görə, Ağdaş rayon Yol Polisi Bölməsi və Ağdaş "İSTƏK" Liseyinin birgə təşkilatçılığı ilə keçirilən "Vətən yollarında əzəmətlə dalğalan, üçrəngli bayrağım!" adlı ictimai maarifləndirici tədbir yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilib.

 

Ağdaş şəhərinin Heydər Əliyev prospektində keçirilən reyd zamanı liseyin şagirdlərinə avtomobillərin dayandırılması, sürücülərlə ünsiyyət qaydaları barədə məlumat verilib. Sonra simvolik olaraq yol polisi geyimində olan şagirdlərin göstərişi ilə hərəkətdə olan avtomobillər dayandırılıb. Məktəblilər əvvəlcə sürücüləri 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, sonra onlara yol hərəkəti qaydaları ilə bağlı suallar ünvanlayıb. Suallara düzgün cavab verən sürücülərin hər birinə Azərbaycan bayrağı, avtomobil üçün suvenir və sürücülük qaydaları barədə kitab hədiyyə olunub. Şagirdlər suallara düzgün cavab verə bilməyən sürücülərə isə yollarda təhlükəsizliyin təmin edilməsi üçün həmin yol hərəkət nişanları haqqında məlumat veriblər. Maarifləndirici xarakter daşıyan reyd zamanı 100-dən çox sürücüyə şagirdlər tərəfindən Azərbaycan bayrağı təqdim edilib.

 

DYP əməkdaşları və sürücülər şagirdlərin iştirakı ilə maarifləndirici xüsusiyyəti yüksək olan belə tədbirin keçirilməsindən razı qaldıqlarını bildirib, gələcəkdə də təhsil müəssisələri ilə birgə əməkdaşlığın yaxşı səmərə verəcəyini qeyd ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv