Bakıda türk filmləri üçün “kral” və “kraliça” seçiləcək
Türkiyənin məşhur “Sinemanın kral və kraliçası”: II Sinema gözəli" yarışması üçün artıq Azərbaycanda da seçimlər aparılacaq.
APA TV-nin məlumatına görə, müsabiqə istedadlı gənclər arasında keçirilir. 18-26 yaş arası oğlan və qızlar www.sinemaguzeli.com saytında qeydiyyatdan keçərək seçimlərdə iştirak etmək şansı qazanacaqlar.
“Sinema gözeli" yarışmasının təşkilatçısı Atilla Kaplakarslan bildirib ki, öncə fotolara görə seçim aparılacaq. Daha sonra 21 yanvarda Bakıya səfər edəcək xüsusi qrup tərəfindən son olaraq bir qız və bir oğlan final üçün seçiləcək. Qeydiyyat üçün son müraciət tarixi 15 yanvardır.
Təşkilatçı vurğulayıb ki, bu, gözəllik yarışması deyil, amma zahiri görünüşünə görə yaraşıqlı oğlanlara, cəlbedici xanımlara üstünlük veriləcək. Builki münsiflər kürsüsündə Hülya Koçyiğit, Məryəm Uzerli kimi məşhur simaların olacağı gözlənilir.
Aktrisa və aparıcı Ceren Kaplakarslan qeyd edib ki, Türkiyə, Avropa ölkələri
və Azərbaycandan seçiləcək 14 qız və 14 oğlan finalçı onlar üçün yaradılan
düşərgədə qalacaqlar. Bu müddətdə onlara aktyorluq dərsləri keçiləcək.
Qeyd edək ki, ötən əsrin 70-ci illərində keçirilən “Sinema Gözəli” yarışı ilə “Yeşilcam”ın bir çox istedadlı gəncləri məşhur aktyor və aktrisaları kimi tarixə düşüblər. Onlar arasında Türkan Şoray, Tarık Akan, Fatma Girik, Cüneyt Arkın, Hülya Köçyiğit kimi məşhurların adlarını çəkmək olar.