"AFEN Plaza"da yanğın: 40 nəfər təxliyə edildi, alov söndürüldü

"Nərimanov rayonundakı "AFEN Plaza"nın binasında yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər və xilasedici qruplar cəlb edilib".

 

APA TV-nin məlumatına görə, yanğın biznes mərkəzinin dam örtüyündən başlayıb.

 

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində hadisə vaxtı binada olan insanlar təxliyə edilib.

 

Ərazidə yanğının səbəblərinin araşdırılması məqsədilə operativ qərargah yaradılıb. Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib ki, yanğın hadisəsi binanın mansard hissəsində başlayıb.

 

"Yanğın 6 mərtəbəli binanın 6-cı mərtəbəsində, mansard formasında olan hissəsində baş verib. Ofis hissəsində ümumi yanan yerin sahəsi 300 kvadrat metr təşkil edir".

 

Yanğının təsir dairəsinə gəlincə:

 

"Ofis mebelləri, yüngül konstruksiyadan olan arakəsmələr, yumşaq mebellər... Əsas yanan bunlardır. Qatı tüstü olduğu üçün yanğınsöndürənlər fərdi tənəffüs vasitələrindən istifadə ediblər. Orada yanğınsöndürən rahat işləyə bilmirdi, ona görə də əlavə olaraq qazdan mühafizə avtomobili bura çağırılıb".

 

Fövqəladə Hallar Nazirliyi də baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, yerli vaxtla saat 12:07-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda “AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə yanğın baş verməsilə bağlı məlumat daxil olub. Dərhal əraziyə nazirliyin yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb olunub.

 

Görülmüş operativ tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb, xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. 

 

Hadisə nəticəsində xəsarət və ya tüstüdən zəhərlənmə faktı qeydə alınmayıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov