Geosiyasi dəyişikliklər Türk Şurasının gələcəyinə necə təsir edəcək? - KONFRANS
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Mərkəzin yaradılmasının 10-cu ildönümünə həsr edilmiş “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilib.
APA TV-nin məlumatına görə , konfransda Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrdən nümayəndələr, QHT və KİV təmsilçiləri iştirak ediblər.
SAM-ın direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov ötən 10 ilə qısaca nəzər salıb:
"Bu illər ərzində SAM qarşısında duran vəzifələri , eyni zamanda dövlət qurumlarını və Prezident Administrasiyasını informasiya-analitik məlumatlarla təmin etməli idi, digər tərəfdən isə Dağlıq Qarabağ münaqişəsinin ilə bağlı dünya ictimaiyyətini məlumatlandırılmalı idi. Bununla bağlı Azərbaycanda da müxtəlif səpkili tədbirlər və beynəlxalq konfranslar keçirdik. İllər ərzində 750 qapalı arayış və hesabatlar təqdim olunub. 250 tədbir həyata keçirilib. Mütəmadi olaraq Azərbaycan və ingilis dilində 5 ildir davamlı olaraq beynəlxalq jurnal nəşr olunur. Bütün bu fəaliyyət Azərbaycan Prezidenti İlham Əliyevin bizim qarşımızda qoyduğu vəzifələr və eyni zamanda etimadın üzərində qurulub".
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov qeyd edib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın, eləcə də təşkilata üzv olan digər ölkələrin mühüm coğrafi-strateji mövqeyi Şuraya xüsusi əhəmiyyət qazandırır.
"Təşkilata daxil olan ölkələr bir neçə istiqamət üzrə əməkdaşlığa xüsusi önəm verirlər. Bunlar arasında informasiya texnologiyaları, kosmik sənaye sahələrində, eləcə də terrorla birlikdə müasir dövrün bəlasına çevrilmiş kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı göstərmək olar. Şura bütün bu istiqamətlərdə layihələr həyata keçirir".
Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Çiydəm Tənkər Göksal bildirib ki, digər sahələrlə bərabər, turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək də türkdilli ölkələr üçün çox vacibdir.
"Bu istiqamətdə çoxlu işlər görülməlidir. Bu, həm də türk dünyasının dəyərlərinin qorunub saxlanmasına və inkişafına töhfə verəcək".
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli deyib ki, XXI əsri, heç şübhəsiz, “geosiyasi təlatümlər” dövrü adlandırmaq olar. Siyasi proseslərin təhlili göstərir ki, hadisələr bumeranq xarakteri daşıyır.
"Qərbin yeni dünya nizamı ilə bağlı təşəbbüsləri Qərbin öz gələcəyini də yeni çağırış və təhdidlər qarşısında qoyub. Hazırda Avropa İttifaqı siyasi, iqtisadi və mənəvi böhran yaşayır. “Brexit” Avropada mərkəzyönlü inteqrasiyanın gələcəyini şübhə altına qoyub. Kataloniya hadisələri separatizmin yaratdığı təhdidləri Avropanın özü üçün də yaşadır. Artıq Avropa İttifaqının qüdrətli dövlətləri nisbətən kasıb ölkələrin iqtisadi yükünü daşımaq istəmirlər. Digər tərəfdən, Qərbin hərbi müdaxiləsindən sonra Yaxın və Orta Şərqdən yeni miqrant axını qarşısında Avropa özünün təbliğ etdiyi multikulturalizm siyasətindən geri çəkilmiş olub".
Konfrans panel iclasla işini davam etdirib.