Xaçmazda "qızılaxtaranlar" xəlvəti qazıntı işləri aparırlar - İDDİA

Xaçmazın Susayqışlaq kəndində yerləşən 14-17 əsrlərə aid olduğu ehtimal edilən tarixi abidlərin olduğu ərazidə talama məqsədilə qazıntı işləri aparılır. Bu barədə APA TV-nin yerli bürosuna  Xudat texniki təmayüllü məktəbin tarix müəllimi Sərxan Qəribov məlumat verib.


Onun sözlərinə görə, meşəlik ərazidə yerləşən XIII-XIV əsrlərə dair qəbir daşlarının, qədim qala və yaşayış məskənin olduğu ərazidə naməlum şəxslər qazıntı işlərinə başlayıb. Həmin ərazidə çox sayda insan sümüklərinə, eləcə də saxsı əşyalara rast gəlmək mümkündür:

“Həmçinin bu ərazinin kənarlarında səngər izləri var. Digər bir ehtimal isə bu ərazidə qədim məbədin olmasıdır. Qədim türklərdə yaşayış yerinə düşmən hücumu olanda, yaxud onlar yaşayış yerini tərk edəndə ibadət etdikləri məbədləri gizlədirdilər. Bu təpəliyin bəzi yerlərində hündürlük 50, bəzi ərazilərdə isə 70 metrə çatır. Torpağın hamısı əllə daşınıb, xeyli sayda daş təbəqəsi var.  Bu qəbirlərin içərisində biz həm 12-ci əsrə, həm 13-cü əsrə, həm 17 əsrə aid qəbirlərə rast gələ bilərik. Həmçinin ərazidə e.ə III-II minilliyə aid olduğu ehtimal edilən kurqana da rast gəlmək olar”.

Tarix müəllimi ərazinin mühafizəsini vacib sayır.

"Yaşlı insanlardan, tarixçilərdən öyrəndiyimizə görə bura tarixi abidədir. Burada qədim tarixi faktlar gizlənir. Araşdırmaya ehtiyac var".

Kənd sakinləri bununla bağlı hələlik dövlət qurumlarına rəsmi müraciət etmədiklərini deyiblər.

Mədəniyyət və Turizm Nazirliyinin yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin Xaçmaz rayonu üzrə nümayəndəliyindən bildirilib ki, rayonun Susayqışlaq kəndi ərazisində dövlət qeydiyyatında olan tarixi abidə yoxdur. Hər hansı bir abidənin qeydiyyata alınması və mühafizə edilməsi üçün də rəsmi müraciət olunmayıb.

 

Müəllif | Apa.Tv
Vəli Turan