Rafet El Romanla boşanan Ceren Kaplakarslan: “Çox xoşbəxtəm”

“Bu, Bakıya ilk gəlişim deyil. Amma bu səfərim daha yaddaqalan oldu”. Bu sözləri aktrisa və aparıcı Ceren Kaplakarslan deyib.

 

APA TV-nin məlumatına görə, o, Türkiyənin məşhur “Sinemanın kral və kraliçası”: II Sinema gözəli” yarışmasının mətbuat konfransı ilə əlaqədar paytaxtda səfərdədir. Ceren xanım hesab edir ki, belə yarışmalar gənclər üçün böyük imkanlar yaradır:

 

“Dördüncü, bəlkə də beşinci dəfədir Bakıdayam. Amma ilk dəfə bu qədər zövq aldım. Məncə, gənclər üçün bu, böyük bir qapıdır. Məsələn, Türkiyədə Məryəm Uzərli var. Almaniyadan gəldi. Türk dilini bilməməsinə, vurğu ilə danışmasına baxmayaraq, tarixi filmdə baş rol oynadı. Məncə, özünə güvənən, istedadına arxayın olan insanlar bu yarışmada iştirak etsinlər və şanslarını sınasınlar”.

 

Son illər türk aktyor və aktrisalarının əksəriyyəti teatr tamaşalarında oynamağa meyl edirlər. Bəziləri üçün bu, yaradıcılıq axtarışları ilə bağlıdır, bəziləri üçün isə özünü akademik oyun tərzində sınamaq üçün fürsətdir. Ceren xanım da bu mövsüm teatrda oynayacaq:

 

“Özümü teatrda ilk dəfə sınayıram. Mənim üçün çox çətindir. Feminist xanımı oynayıram. Rolum üçün vulqar sözlərdən istifadə etməyə məcbur oluram. Teatrda daha çox enerji sərf etmək lazım olur. Səhv etmək şansı yoxdur. Əgər serialda oynasa idim, teatrda oynaya bilməzdim. Azərbaycandan da təklif gözləyirəm”.

 

Ceren xanım şəxsi həyatı ilə əlaqədar da danışdı:

 

“Evləndim və boşandım. Açığı, depressiyaya düşmədim. Üstündən xeyli zaman keçib. Bakıya onunla gəlmişdim. Çox xoşbəxtəm. Ailəmlə vaxt keçirirəm. Həyatımda heç kim yoxdur”.

 

"Yenidən ərə getmək istəyərsinizmi" sualına gözəl aktrisa belə cavab verib:

 

“Xeyirlisi. Əgər doğru insanla qarşılaşsam, niyə də olmasın?” 

Müəllif | Apa.Tv
Nigar Həsənli