İsmayıllıda körpü uçub, avtomobil su arxına düşüb - NONSENS

İsmayıllıda dağılan körpü avtomobil qəzasına səbəb olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında İsmayıllı şəhərinin Soltan Mehdiyev küçəsində qeydə alınıb. Rayonun Basqal qəsəbə sakini Cəbrayılov Nuru Ağaabdulla oğlu idarə etdiyi 99-HE-812 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobili ilə yoldakı körpünün üzərindən keçərkən qəflətən körpünün bir hissəsi dağılıb və avtomobil su arxına aşıb. Hadisə zamanı avtomobil əzilsə də, sürücü və həyat yoldaşı xəsarət almayıb. Yaxınlıqdakı insanlar arxası üstə çevrilən avtomobilin içərisində olan iki nəfəri xilas ediblər.

 

Hadisə şahidləri Şaiq Həsənov və İlkin Fətullayev APA TV-yə bildirib ki, bir neçə ilə öncə yerli sakinlər tərəfindən kustar üsulla inşa edilən bu körpü qəzalı vəziyyətə düşdüyü üçün təhlükə mənbəyinə çevrilib.

 

Yerli sakinlər İsmayıllı şəhəri ilə yeni salınan yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun üzərində yerləşən və bərbad vəziyyətdə olan bu körpünün sökülərək əvəzində yenisinin inşası üçün dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Buna baxmayaraq vaxtında tədbir görülməyib və nəticədə körpü dağılaraq avtomobil qəzası baş verib.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov