"Şanlı bayrağım" fotomüsabiqəsinin qalibləri mükafatlandırıldı

Bu gün məktəblilər arasında təşkil olunmuş “Şanlı bayrağım” fotomüsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 20 nömrəli məktəbdə təşkil olunan  tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, tanınmış  idmançılar iştirak ediblər.

 

Məhəbbət Vəliyeva paytaxtın 31 ümumi təhsil müəssisəsini əhatə edən "Məktəblinin dostu" layihəsi üzrə 122 nəfər əməkdaşın çalışdığını bildirib. Layihə çərçivəsində indiyədək çoxsaylı tədbirlərin keçirildiyini nəzərə çatdıran idarə müdiri bütün bunların məktəb mühitinin səmərəliliyini daha da artırdığını qeyd edib: "Əsas məqsəd şagirdlərdə vətənə torpağa bayrağa hörmət hissi, vətənpərvərlik ruhu aşılamaqdır. Dərsdən kənar "Məktəblinin dostu" layihəsi çərçivəsində keçirilən tədbirlərin özünəməxsus yeri var. Çünki bu tədbirlərdə yalnız şagirdlər deyil, onlarla yanaşı valideynlər, onlara dərs deyən müəllimlər, məktəb rəhbərləri də iştirak edir. Belə tədbirlərin keçirilməsi vətəndaşlıq mövqeyinin tərbiyəsində müstəsna rol oynayacaq".

 

Daha sonra müsabiqənin finalına çıxmış, 31 fotoşəkilə baxış keçirilib. Münsiflər heyəti tərəfindən birinci yerə 20 nömrəli məktəb liseyin,  ikinci yerə 61 saylı məktəbin, üçüncü yerlərə isə 194 və 317 nömrəli məktəblərin təqdim etdiyi fotolar layiq görülüb.

 

Qaliblər xüsusi hədiyyələrlə mükafatlandırılıb. Həmçinin, müsabiqənin final mərhələsinə təqdim edilmiş digər 28 foto müəllifləri müxtəlif nominasiyalar üzrə təltif olunub. 

Müəllif | Apa.Tv
Almaz Qasımova