Yasamalda bir evdən başlayan yanğın daha 2 evə də keçdi

Gecə saatlarında Bakının Yasamal rayonunda yanğın baş verib. APA TV-nin xəbərinə görə, hadisə Xıdır Mustafayev küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Daha sonra alov güclənərək həmin evə bitişik olan daha iki evə keçib. İlkin məlumata görə, yanğın evlərin birindəki elektrik plitəsindən qaynaqlanıb. Onun qarşısını almaq mümkün olmadığında dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib.

Hadisə yerinə FHN-in 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov əsasən iki mənzili əhatə edib. Nəticədə ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 kv/m olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 kv/m sahədə və ümumi sahəsi 63 kv/m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 kv/m sahədə, dəhlizin, mətbəxin və aynabəndin lambirindən ibarət tavanı 34 kv/m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, ona əraziyə cəlb olunmuş təcili tibbi yardım briqadası tərəfindən kömək göstərilib.

Yanğının qarşısı alınıb və onun digər evlərə də keçməsinə imkan verilməyib.

Müəllif | Apa.Tv
Apa.tv