16 mərtəbəli binada güclü yanğın: zəhərlənənlər var - SAKİNLƏR TƏXLİYYƏ EDİLİB
Paytaxtın Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın baş verib. APA TV-nin xəbərinə görə, hadisə 7-ci mikrorayon ərazisində, Fərman Məlikov küçəsindəki hündürmərtəbəli binaların birində olub.
İlkin məlumata əsasən, yanan binanın bloklarının birindəki ümumi elektrik xətləri olub. Elektrik şaxtasından başlayan yanğın bütün mərtəbələri bürüyüb və əsasən tüstülənmə ilə müşahidə edilib.
Sakinlər tez bir zamanda Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verib. Əraziyə nazirliyin 10-a yaxın texnikası və canlı qüvvəsi cəlb olunub. Yaşayış binasının bir hissəsinin sakinləri təxliyyə edilib.
Bununla belə, yanğın nəticəsində həm sakinlər arasında, həm də xilasedicilər arasında tüstüdən zəhərlənənlər olub. Cəmi bir azyaşlı körpə vəziyyəti ciddi olduğu üçün 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə yerləşdirilib. Ümumilikdə isə tüstüdən zəhərlənən 10-dan çox sakinə və xilasediciyə hadisə yerində təcili tibbi yardım göstərilib.
Yanğınla bağlı FHN də məlumat yayıb. Məlumata əsasən, çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 42 pm və 128 ədəd elektrik sayğacı yanıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin xilas, 20 nəfər isə təxliyyə edilib.
Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.