Adı bizim, dadı Rusiya imperiyası və SSRİ-nin olan Bakı neftinin müstəqillik tarixi

161 bir il əvvəl Azərbaycanda dünyanın gələcək taleyini müəyyənləşdirəcək hadisə baş vermişdi. 1846-cı ildə ölkədə ilk dəfə sənaye üsulu ilə neft çıxarılmış, bununla da növbəti iki əsrin gələcək taleyinin əsası qoyulmuşdu. İlk nefti çıxaranlar bu hadisənin o zaman müstəqil olmayan Azərbaycanın taleyində necə rol oynayacağını təxmin edə bilməzdilər. Ötən əsrin əvvəllərində Azərbaycanın müstəqilliyinə son qoyan neft amili ötən əsrin sonlarında müstəqilliyi möhkəmləndirməkdə əsas rol oynadı. Bakı nefti II dünya müharibəsinin taleyini müəyyənləşdirdi, Almaniyanın məğlubiyyətində ən önəmli faktorlardan birinə çevrildi.

 

161 il ərzində Azərbaycanda 2 milyard ton neft çıxarılıb. SSRİ dövründə neft gəlirlərinin çox az hissəsi ölkəyə qismət olub, planlaşdırma siyasətinə əsaslanan sovet iqtisadiyyatı dövründə neftdən özümüzdən çox başqaları bəhrələniblər. Yalnız Azərbaycan müstəqilliyi dövründə neft gəlirlərindən faydalanmağa başlayıb. Neft strategiyası Azərbaycanın müstəqilliyinin onurğa sütununa çevrilib. Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan nefti dünya bazarına ixrac edilir, neftdən əldə olunan gəlirlər önəmli problemlərin həllinə və regional layihələrin icrasına yönəldilir. "Əsrin müqaviləsi" çərçivəsində öhdəliklər yerinə yetirildikdən sonra bu il "Yeni əsrin müqaviləsi" adlandırılan saziş imzalanıb. Sazişə əsasən, Azərbaycan 3,6 milyard dollar bonus şəklində vəsait əldə edəcək, SOCAR-ın ilk müqavilədə olan 11 faiz payı isə 25 faizə qaldırılacaq. Sazişin qüvvədə olacağı 2050-ci ilə kimi mənfəət neftinin 75 faizi Azərbaycana qalacaq.

 

Neft hasilatı və daşınmasına dair uzunmüddətli layihələrin uğurla icrası Azərbaycanı dünya neft bazarının önəmli fiquruna çevrilib. OPEK-in təşəbbüsü ilə imzalanan qlobal neft paktında aktiv iştirak edən Azərbaycan neft hasilatını azaldaraq bazarda balansın yaradılması siyasətinə öz töhfəsini verir. Uğurlu neft strategiyası sayəsində iqtisadi müstəqilliyini təmin edə bilmiş Azərbaycan paralel olaraq siyasi müstəqilliyini də möhkəmləndirmiş olub. Bu baxımdan 2 milyard ton neftin hasil edilməsi həftənin ən önəmli hadisələrindən sayılmağa layiqdir. 

Müəllif | Apa.Tv
Apa.tv