Neft bazarının həftəlik təhlili: Siyasi amillər "qara qızılı" bahalaşdırır
Birjalarda qeyri-müəyyənlik hökm sürməsinə baxmayaraq neft həftə ərzində dəyərini qoruya bildi. Həftəyə 62,37 dollardan start verən "Brent" markalı neft beş günlük marafonu 63,67 dollar səviyyəsində bitirib. Bu həftə birjalarda neftin minimum qiyməti 62,21, maksimum qiyməti isə 64,47 dollar olub. Neft üçün beş birja günü ərzində həm dəyərini qorumaq, həm 1,3 dollar əlavə dəyər qazanmaq pis nəticə deyil. "Brent" nefti ötən həftə müəyyənləşən iki illik rekordu yeniləyə bilməsə də, hələlik dəyərini saxlayır.
Bu həftə neftin qiymətinə daha çox siyasi amillər təsir edib. Dünyanın ən çox neft ehtiyatlarına malik olan və dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə çərçivəsində başlanan həbslər birjalarda siyasi böhran kimi dəyərləndirilib və nəticədə neft bahalaşıb. Səudiyyə Ərəbistanı həm də hasilatı azaltmağı nəzərdə tutan qlobal neft paktının təşəbbüskarı və əsas iştirakçısıdır. Bu ölkədə baş verən hər hansı hadisə paktın taleyini şübhə altına aldığından neftə tələbat artmış olur. Digər tərəfdən şahzadə, sabiq nazir və milyarderlərin həbsi Ər-Riyadın İrana müharibə çağırışları ilə müşayiət olunur. Perspektivdə Səudiyyə-İran hərbi qarşıdurmasının baş verə biləcəyi ehtimalı artır. Dünyanın ən böyük neft ixracatçıları arasında müharibə bazara çıxarılan neftin həcminin azalmasına səbəb ola bilər, buna görə alıcılar siyasi böhran ehtimalına dərhal reaksiya verir və əlavə həcmdə neft alaraq ehtiyat toplayırlar. Neftin bu həftə dəyərinin qoruması və bahalaşmasının əsas səbəblərindən biri budur.
Digər tərəfdən Səudiyyə Ərəbistanı bu həftədən etibarən gündəlik neft hasilatını daha 120 min barel azaldacağını açıqlayıb, bu amil də qiymətlərin həftə sonuna kimi yüksək həddə qalmasını təmin edib.
Neftin qiymətlərinə təsir edən digər amil isə ABŞ-ın kommersiya neft ehtiyatlarının həcmi ilə bağlıdır. Bu həftə gözləntilərin əksinə olaraq ABŞ-da ehtiyatların həcmi azalmaq əvəzinə 2,2 milyon barel artıb, benzin ehtiyatları isə 3,3 milyon barel azalıb. Səbəb dəqiq məlum deyil, amma ehtimala görə neft emalı müəssisələrində mövsümi yenilənmə və hazırlıq işlərinin başlaması səbəbilə emal gücü aşağı enib. Benzin ehtiyatlarının azalması, xam neft ehtiyatlarının artması bununla izah oluna bilər. Digər tərəfdən qiymətlərin bahalaşması ABŞ-da neft hasilatını stimullaşdırıb, nəticədə hasilata cəlb olunan buruqların sayı ötən həftə ərzində 9 ədəd artıb. Bu, iyundan bəri qeydə alınan ən yüksək artımdır.
Bəs gələn həftə üçün neftin qiymətlərinə dair proqnozlar necədir? Hələlik qiymətlərin iqtisadi deyil, siyasi səbəblər əsasında formalaşdığını nəzərə alsaq, bahalaşma gələn həftə də davam edəcək. Səudiyyə Ərəbistanında antikorrupsiya tədbirləri davam edir, digər tərəfdən ABŞ prezidentinin Cənub-Şərqi Asiya regionuna səfəri Şimali Koreya böhranını yenidən canlandıra bilər ki, bu da neftin qiymətinin bahalaşmasını dəstəkləyəcək. Çünki neft münaqişələrdən qidalanır.