754 dəfə pozulan atəşkəs, təmas xəttində təlimlər, ATƏT Daimi Şurasında iclas - QARABAĞ HƏFTƏSİ

Həftə ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edib. Torpaqlarımızın bir hissəsini işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə boyu atəşkəs rejimini 754 dəfə pozublar. Atəşkəsin ən çox pozulması halı çərşənbə axşamına təsadüf edib, noyabrın 7-də ermənilər 133 dəfə mövqelərimizi atəşə tutublar. Digər günlərə nisbətən atəşkəs rejimi cümə günü daha az pozulub - 115 dəfə.

 

Cəbhə xəttində atəşkəsin ən çox pozulması halı ermənilərin işğal altında saxladıqları Azərbaycan torpaqlarında hərbi təlimlərə başladığı günə təsadüf edir. Noyabrın 7-də Uzundərə adlanan ərazidə qanunsuz hərbi təlimlərə başlayan işğalçı qüvvələr ağır artilleriya qurğuları və hərbi texnikadan yararlanıblar. Təmas xəttinə yaxın ərazilərdə atəş səsləri açıq-aydın eşidilib.

 

Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe tutması səbəbilə hələlik fayda verməsə də, diplomatik səylər davan etdirilir. Bu həftə ATƏT Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş iclas keçirilib. İclasda ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, Yüksək Səviyyəli Planlaşdırma Qrupunun, Azərbaycan və Ermənistanın ATƏT yanında daimi nümayəndəliklərinin təmsilçiləri iştirak ediblər.

 

Görüşdə Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində atılan addımlar müzakirə olunub.

Müəllif | Apa.Tv
Apa.tv