Rusiyada AZƏRBAYCANLINI GÜLLƏLƏYƏN ŞƏXSƏ hökm oxunub

Novokuznetskdə azərbaycanlını güllələyən Tacikistan vətəndaşına hökm oxunub. APA TV-nin məlumatına görə, 23 yaşlı Bəxtəvər Səfərov 3 il yarımlıq cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Tacikistan vətəndaşı olan Səfərov Novokuznetskdə tikintidə işləyib. Şəhərdə qeydiyyatsız yaşayıb. İşdən boş vaxtında yerli xanımla tanış olub və gənclər görüşməyə başlayıblar.

Yerli hüquq mühafizə orqanlarının yaydığı məlumata görə, sevdiyi qızın çiçək köşkündə işləməsi Tacikistan vətəndaşının xoşuna gəlməyib. Çiçək pavilyonunun sahibi isə Rusiya vətəndaşı olan azərbaycanlı olub. Bəxtəvər rəfiqəsinin bütün gün başqa kişinin yanında işləməsini qəbul edə bilməyib.

 

Tezliklə narazılıq ən yüksək həddə çatıb. Gənc növbəti dəfə sevdiyinin işlədiyi yerə gəlib və ondan işdən çıxmağı tələb edib. Rəfiqəsi sevgilisinin bu tələbini yerinə yetirməkdən imtina edib. Səfərov köşkün pəncərələrini sındırıb və sevgilisindən iş sahibini çağırmasını təkid edib. O sevgilisindən pavilyonun açarlarını müdirinə verməsini və onunla getməsini istəyib.

Sevgilisindən qorxan qız ticarət obyektinin sahibinə zəng edib. Sahibkar bir neçə dəqiqədən sonra gəlib və tacikdən vurduğu maddi ziyanı ödəməyi və işçisinə mane olmamağı tələb edib. Mübahisə düşüb və tikinti işçisi "Naqan" sistemli revolverdən atəş açıb. Azərbaycanlı sahibkar kürəyindən güllə yarası alıb, güllə onun ağciyərini zədələyib.

Həkimlər zərərçəkmişə yardım göstəriblər. Təqsirkar isə dostlarının mənzilində saxlanılıb. Cinayətdə istifadə edilmiş silah müsadirə edilib.

Məhkəmə Bəxtəvər Səfərovu 3 il yarım müddətinə azadlıqdan məhrum edib. O cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Müəllif | Apa.Tv