Cinayətlər, qəzalar, yanğınlar... - HƏFTƏNİN SƏS-KÜYLÜ HADİSƏLƏRİ

Yola saldığımız həftə səs-küylü hadisələrlə yadda qalıb. Noyabrın 6-da Binəqədi rayonunda 30 yaşlı qadın ailə münaqişəsi zəminində özünü müdafiə etməyə çalışarkən balta ilə 41 yaşlı atasına ağır xəsarətlər yetirib. İstintaqa ifadə verən adı açıqlanmayan qadın bildirib ki, atası onu öldürməklə hədələyirmiş, hətta qızına dəfələrlə onu hansı balta ilə öldürəcəyini göstərib. Növbəti münaqişə zamanı qız elə həmin balta ilə özünü müdafiə etməyə çalışarkən atasına bir neçə zərbə endirmək məcburiyyətində qalıb. Qadın sonra polisə könüllü təslim olub. Yaralı Cəmşid Salxakinin vəziyyəti isə ağır olaraq qalır.

 

Noyabrın 8-də isə Sabunçu rayonunda xüsusi amansızlıqla qətl törədilib. 23 yaşlı Tünzalə Elşad qızı Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 28 yaşlı Nazim Vəliyevin başına meyvə qabı ilə zərbə endirib. Yerə yıxılan ərinin qalxaraq onu öldürəcəyindən qorxan qadın qaz balonunu bir neçə dəfə onun başına vuraraq öldürüb. Qadın ilkin ifadəsində ərini qəsdən öldürdüyünü etiraf edib. Qeyd edək ki, hadisə Vəliyevlər ailəsinin iki azyaşlı övladının gözü qarşısında baş verib.

 

Azyaşlı uşaq demişkən, bu həftə daha bir azyaşlı uşaq bədbəxt hadisənin qurbanı olub. İki yaşı tamam olmamış German Jejov adlı körpə Dilarə Əliyeva küçəsi, 243 ünvanında yerləşən binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. Fasadı və balkonları təmir olunan binanın eyvanına çıxan uşağın nəzarətsiz qalması səbəbindən yıxıldığı güman olunur. 

 

Bu həftə ölümlə nəticələnən qəzalarla da yadda qalıb. Buzovna qəsəbəsində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 23 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu hadisə yerində ölüb. Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən vəfat edib. Hadisə nəticəsində daha bir polis əməkdaşının ağır xəsarət aldığı bildirilir.

 

Ağcabədinin Boyad kəndində isə iki "Jiquli" markalı maşının toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb. Qəzada dünyasını dəyişən sürücü Rahib Sahib oğlu Məmmədov məşhur azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordenli Rahib Məmmədovun qardaşı oğludur və onun adını daşıyır. 20 yaşlı Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində baş verən təbii fəlakət zamanı böyük fədakarlıq göstərərək 28 sakini seldən xilas edərkən qəhrəmanlıqla həlak olmuşdu.

 

Şamaxı Şərədil kəndində baş verən qəzada isə Ağsu rayon icra hakimiyyəti başçısı Ənvər Seyidəliyevin qardaşı oğlu Fadil Seyidəliyev yaralanıb. İki "Jiquli" markalı maşının toqquşması nəticəsində Ağsu rayon icra hakimiyyətinin Qaraqoyunlu kəndi üzrə icra nümayəndəsi Fərəc İsgəndərzadə də xəsarət alıb. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.

 

Bu həftə paytaxtda bir neçə yanğın hadisəsi baş verib. "AFEN Plaza" biznes mərkəzinin binasının daş örtüyündə başlayan yanğın nəticəsində 300 kvadratmetrdən çox ərazi yanıb. Yanğın başlayan kimi binadan 40-dək şəxs təxliyə olunub.  Hadisə nəticəsində xəsarət və ya tüstüdən zəhərlənmə faktı qeydə alınmayıb.

Bakının Yasamal rayonunda fərdi yaşayış evində də yanğın baş verib. Elektrik plitəsində alışmadan baş verən yanğın güclənərək yaxınlıqdakı daha iki evə keçib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu söndürüblər. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, ona əraziyə cəlb olunmuş təcili tibbi yardım briqadası tərəfindən kömək göstərilib.

Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın isə miqyasına görə daha geniş olub. Binanın elektrik şaxtasında başlayan yanğın qısa müddətdə bütün mərtəbələri bürüyüb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri yuxarı mərtəbələrdən 15 nəfər sakin xilas, 20 nəfəri isə təxliyə ediblər. Hadisə zamanı həm sakinlər arasında, həm də xilasedicilər arasında tüstüdən zəhərlənənlər olub. Bir azyaşlı körpə vəziyyəti ciddi olduğu üçün 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə yerləşdirilib. Tüstüdən zəhərlənən 10-dan çox sakinə və xilasediciyə hadisə yerində təcili tibbi yardım göstərilib. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

"Şamaxinka" dairəsində yerləşən yolötürücü tuneldə isə "Man" markalı qoşqulu yük maşını yanıb. Tunelə daxil olan maşının mühərrik hissəsindən qəflətən alov qalxıb. Yanğın güclü olduğu üçün sürücü onun söndürülməsi üçün tədbir görə bilməyib. Hadisə zamanı xəsarət halı qeydə alınmayıb.

Müəllif | Apa.Tv
Apa.tv